TƏCİLİ! Azərbaycanda qadağan edilə bilər - İnsanlar hər gün dəhşət yaşayır

TƏCİLİ! Azərbaycanda qadağan edilə bilər - İnsanlar hər gün dəhşət yaşayır

Küçələrin ortasında, insanların, ən dəhşətlisi isə azyaşlı uşaqların gözü qarşısında açılan bu qanlı mənzərələr müasir şəhər mədəniyyətinə və insanlığa sığmayan ağır bir mənzərədir. Paytaxtda və bölgələrdə fəaliyyət göstərən primitiv heyvan kəsimi məntəqələri hər gün minlərlə insanın psixologiyasına sağalmaz zərbələr vurmaqda davam edir. Hələ kəsim prosesindən saatlar öncə başlayan bu işgəncə, heyvanların dar məkanlarda, qısa zəncirlərlə və ya kəndirlərlə divarlara, dirəklərə bağlanması ilə start götürür. Heyvanlar saatlarla, bəzən isə günlərlə ac-susuz, hərəkətsiz şəkildə növbələrini gözləyirlər. Onların çəkdiyi qorxu və ağrının ifadəsi olan nalələri, fəryadları gecənin səssizliyini yararaq səhərə qədər ətraf binalarda yaşayan sakinlərin yuxusunu ərşə çəkir. İnsanlar hər səhər bu qorxunc səslərlə oyanır, psixoloji gərginlik içində günə başlayırlar. Əsl faciə isə gün işığı ilə bərabər başlayır. Küçə kənarlarında, antisanitar şəraitdə, hər kəsin açıqca görə biləcəyi şəkildə heyvanlar yerə yıxılır və qanları asfalta axıdılır. Kəsilən heyvanların başlarının vitrinlərdən, qarmaqlardan asılaraq nümayiş etdirilməsi, gediş-gəliş yolunun tam üzərində qanlı cəsədlərin yellənməsi cəmiyyətin mənəvi aşınmasına rəvac verir. Bu qeyri-insani görüntülər, xüsusilə də uşaqların empatiya hissini məhv edir, onlarda aqressiyanı və şiddəti adiləşdirir.

Bu dözülməz mənzərə təkcə estetik və psixoloji deyil, həm də çox ciddi bioloji və gigiyenik təhlükə mənbəyidir. Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Zamin Kərimovun sözlərinə görə, açıq məkanda və stres altında kəsilən heyvanların əti birbaşa insan sağlamlığı üçün zəhərə çevrilir: "Heyvan kəsilməzdən əvvəl saatlarla qorxu və stress içində qaldıqda, onun orqanizmində böyük miqdarda kortizol və adrenalin hormonları ifraz olunur. Bu hormonlar ətin keyfiyyətini kəskin şəkildə aşağı salır, ət sərtləşir və tərkibindəki faydalı maddələr parçalanır. Ən pisi odur ki, qorxu içində kəsilən heyvanın bədənindəki toksinlər ət vasitəsilə birbaşa onu istehlak edən insanların orqanizminə keçir. Bu isə gələcəkdə insanlarda müxtəlif xroniki və sinir xəstəliklərinin yaranmasına rəvac verir". O, qeyd edib ki, küçə kəsimləri həm də infeksiya ocağıdır: "Açıq havada, tozun, torpağın, avtomobil tüstüsünün içində aparılan kəsim prosesi zamanı ətə milyonlarla təhlükəli mikrob və bakteriya dolur. Heyvanların başlarının, daxili orqanlarının açıq şəkildə asılması, qanının küçəyə axıdılması milçəklərin və gəmiricilərin həmin əraziyə axışmasına səbəb olur. Antisanitar şəraitdə kəsilən ətlər bruselyoz, vərəm və müxtəlif ağır bağırsaq infeksiyalarının bir nömrəli daşıyıcısıdır. Heyvan kəsimi tamamilə qapalı, müasir laboratoriyası olan sallaqxanalarda, baytar nəzarəti altında və heyvana heç bir əziyyət verilmədən həyata keçirilməlidir. İndiki küçə mənzərələri isə qida təhlükəsizliyinə qəsd ssenarisindən başqa bir şey deyil".

Vəziyyətin bu cür dözülməz hal alması həm də mənəvi və dini dəyərlərimizin tamamilə tapdalanması deməkdir. Çünki İslam dini can daşıyan hər bir varlığa qarşı mərhəmətli olmağı, hətta kəsim anında belə onlara minimum ağrı verməyi qəti şəkildə əmr edir.

Bununla bağlı NOCOMMENT.az-a danışan Elşən Sultanzadə qeyd edib ki, heyvanlara zülm etmək, onları qorxutmaq və digər heyvanların gözü qarşısında kəsmək dində böyük günahlardan hesab olunur: "Peyğəmbərimiz Məhəmməd (s.ə.s) heyvanların kəsimi ilə bağlı çox ciddi qaydalar qoyub. İslama görə, kəsiləcək heyvanı incidərək kəsim yerinə aparmaq, onu saatlarla zəncirləyib ac-susuz saxlamaq, bıçağı heyvanın gözü qarşısında itiləmək qətiyyən haramdır. Rəvayət olunur ki, Allahın Rəsulu bir nəfərin heyvanı yerə yıxıb, ayağını onun boğazına qoyaraq heyvanın gözü qarşısında bıçaq itilədiyini gördükdə ona şiddətlə qəzəblənmiş və 'Sən onu iki dəfəmi öldürmək istəyirsən? Bıçağını onu yerə yıxmazdan əvvəl itiləyə bilməzdinmi?' buyurmuşdur. İslam dini heyvanın kəsilərkən digər heyvanları görməməsini, qan qoxusunu hiss etməməsini tələb edir. Bu gün küçələrdə icra olunan bu qəssablıq, heyvanların növbəyə düzülüb bir-birinin kəsilməsini izləməsi, başlarının nümayiş olunması İslamın mərhəmət və şəfqət fəlsəfəsinə tamamilə ziddir, dinimizin adından sui-istifadədir və Allaha xoş gedən bir əməl deyildir".