TƏCİLİ! Bu şəxslərə xəbərdarlıq edildi - Yay aylarında…

TƏCİLİ! Bu şəxslərə xəbərdarlıq edildi - Yay aylarında…

Astronomlar Günəş aktivliyinin 2030-cu ilə qədər minimum səviyyəyə çatacağını və bu azalmanın tədricən baş verəcəyini proqnozlaşdırırlar. Mütəxəssislərin fikrincə, aktivliyin zəifləməsi fonunda belə, ayrı-ayrı güclü partlayışların və alovlanmaların baş verməsi mümkündür; xüsusilə 2026-cı ilin iyun ayının ortalarında Günəşin uzaq tərəfindəki aktiv zonaların görünən hissəyə keçməsi bu ehtimalı artırır. Hazırda Günəş səthində mövcud olan ləkə qruplarının mayın sonunadək kəskin bir maqnit fırtınası yaratmayacağı gözlənilsə də, fəsillərlə bağlı olaraq Yer səthinə çatan ultrabənövşəyi şüaların miqdarının artması insanlar üçün real risklər yaradır. Yay aylarında Yer səthinin meylliliyi və şüaların atmosferdə daha az zəifləməsi ultrabənövşəyi radiasiyanın payını artırır ki, bu da kosmik dəyişikliklərlə bərabər, birbaşa insan sağlamlığına təsir edən əsas amillərdən biridir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, Günəşdə baş verən aktivlik tərəddüdləri və yay aylarında intensivləşən ultrabənövşəyi şüalanma insan orqanizmi, xüsusən də ürək-damar və sinir sistemi üçün ciddi sınaqdır: "Günəş aktivliyinin minimuma enməsi prosesi dərhal baş vermir və bu keçid dövründə qəfil qeydə alınan alovlanmalar Yer kürəsində güclü maqnit fırtınalarına yol açır. Bu cür kosmik və iqlim dəyişiklikləri fonunda meteohəssas insanlarda, arterial təzyiqdən əziyyət çəkənlərdə və yaşlı şəxslərdə xroniki xəstəliklərin kəskinləşməsi müşahidə olunur. Xüsusilə yay mövsümünün astanasında olduğumuz üçün atmosferi keçərək bizə çatan ultrabənövşəyi şüaların birbaşa təsiri daxili orqanların funksiyasını gərginləşdirir, qan dövranını pozur və ümumi halsızlığa səbəb olur".

Onun sözlərinə görə, kosmik proqnozları və mövsümi riskləri nəzərə alaraq, əhalinin açıq havada olarkən fərdi qorunma tədbirlərinə riayət etməsi sağlamlığın qorunması baxımından həyati əhəmiyyət kəsb edir: "Günəş şüalarının Yerə daha dik bucaq altında düşdüyü yay aylarında ultrabənövşəyi radiasiya pik həddə çatır və bu, təkcə daxili xəstəlikləri olanlara deyil, tam sağlam insanlara da mənfi təsir göstərir, bədxassəli dəri xəstəliklərinin yaranma riskini artırır. Vətəndaşlarımıza məsləhət görürük ki, Günəşin aktiv olduğu günorta saatlarında birbaşa şüalar altında qalmasınlar, qoruyucu kremlərdən və eynəklərdən istifadə etsinlər, bol maye qəbuluna diqqət yetirsinlər. Astronomik dəyişikliklərin və fəsillərin gətirdiyi bu təbii təsirlərdən qorunmağın yeganə yolu tibbi tövsiyələrə ciddi şəkildə əməl etməkdir".