ABŞ ordusunun Sakit okeandakı insidentlərdən sonra regional miqyasda hərbi və siyasi təzyiqləri artırması Tehranda ciddi etirazla qarşılanıb. Vaşinqtonun son addımları regionda yeni bir gərginlik dalğasına yol açıb.
NOCOMMENT.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai ABŞ ordusunun İranın cənubuna endirdiyi hərbi zərbələri, eləcə də Vaşinqtonun regionun əsas vasitəçi dövlətlərindən sayılan Omanı "yerlə-yeksan etmək" barədə səsləndirdiyi hədələri kəskin şəkildə pisləyib. İranlı diplomat BMT Təhlükəsizlik Şurasını ABŞ-ın bu qanunsuz hücumlarına görə təcili şəkildə beynəlxalq hüquq qarşısında cavab verməyə çağırmaq lazım olduğunu bəyan edib. Eyni zamanda, Baqai Tehranın öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün zəruri və qətiyyətli addımları atmağa hazır olduğunu xüsusilə vurğulayıb.
İran XİN rəsmisi Vaşinqtonun regional vasitəçilik missiyasını hədəf alan bəyanatlarına toxunaraq Ağ Evin siyasətini kəskin tənqid edib: "İllər boyu diplomatik proseslərdə vasitəçilik rolunu yerinə yetirən, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında hər zaman konstruktiv və effektiv rol oynamış bir ölkəni 'yerlə-yeksan etmək' hədəsi beynəlxalq münasibətlərdə hüquq pozuntularının adiləşdirilməsinin çox təhlükəli bir göstəricisidir".
Müşahidəçilər ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi zərbələrin bərpa oluna biləcəyinə dair hədələrindən və İsrailə yeni strateji havada yanacaqdoldurma təyyarələrinin verilməsindən sonra vəziyyətin daha da mürəkkəbləşdiyini qeyd edirlər. Ağ Evin Oman kimi ənənəvi diplomatik körpü rolunu oynayan bir dövləti hədəf alması isə Vaşinqtonun regionda danışıqlar masasını tamamilə devirmək və hərbi təzyiq rıçaqlarını maksimuma çatdırmaq niyyətindən xəbər verir.
Sara,
NOCOMMENT.az












