“Premium Appraise” MMC şirkəti “ASAN kommunal” mərkəzində fəaliyyətə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, şirkət binaların, tikililərin və müxtəlif məkanların layihələndirilməsi, eləcə də tikinti prosesinin peşəkar şəkildə planlaşdırılması ilə bağlı xidmətlər göstərir.
Təqdim olunan xidmətlər çərçivəsində memarlıq və mühəndislik layihələrinin hazırlanması, konstruksiya, elektrik, su təchizatı, havalandırma və digər mühəndis sistemlərinin layihələrə inteqrasiyası həyata keçirilir. Bununla yanaşı, layihələrin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması və zəruri icazələrin alınması prosesində də müştərilərə dəstək göstərilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, xidmətlərin əsas məqsədi vətəndaşların və sahibkarların tikinti və layihələndirmə prosesini daha operativ, şəffaf və səmərəli şəkildə həyata keçirməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, “Premium Appraise” MMC-nin “ASAN kommunal” mərkəzində fəaliyyətə başlaması vətəndaşların layihə-memarlıq xidmətlərinə çıxış imkanlarını genişləndirərək bu sahədə xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.












