Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib. O, bu müddət ərzində Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, tələbələrin təhsil məsələlərinin həlli və birgə akademik layihələrin təşviqi istiqamətində səmərəli fəaliyyət göstərib.
Türkiyə-Azərbaycan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası arasında imzalanmış memorandum əsasında, iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas – "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçirilir.











