Çevik iş vaxtı rejimi modellərinin yaradılması orta məktəb və ali təhsil müəssislərini əhatə edəcəkmi?
“Bu məsələ bir neçə il əvvəl də gündəmə gəlsə də, aparılan müzakirələr nəticəsində belə bir dəyişikliyin təhsil sistemində ciddi problemlər yarada biləcəyi qənaətinə gəlinib”.
Bunu “Yeni Sabah”a təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, paytaxtda nəqliyyat sıxlığının əsas səbəblərindən biri təhsil müəssisələrinin eyni saatlarda fəaliyyətə başlamasıdır:
“İş qrafiklərinin və məktəblərdə dərs saatlarının dəyişdirilməsi təklif olunurdu. Mövzu ətrafında geniş müzakirələr aparıldı. Lakin sonradan məlum oldu ki, belə bir addım həm iş rejiminin pozulmasına, həm də tədrisin təşkili ilə bağlı ciddi çətinliklərə səbəb ola bilər.
Hazırda məktəblərin əksəriyyətində tədris ikinövbəli aparılır. Buna görə də dərs saatlarının dəyişdirilməsi məsələsi gündəmdən çıxarıldı. Sonrakı mərhələdə ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı təkliflər səsləndirildi. Parlamentdə də bu məsələ müzakirə olundu, lakin bunun reallaşdırılmasının kifayət qədər çətin olduğu bildirildi”.
M.Məmmədli hesab edir ki, ali məktəblərin köçürülməsindən daha çox regionlarda ali təhsilin inkişafına üstünlük verilməlidir:
“Hazırda əsas məqsəd ali təhsil müəssisələrini köçürmək deyil, bölgələrdə onların inkişafını sürətləndirməkdir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin artıq bir neçə rayonda filialı fəaliyyət göstərir. Region universitetlərinin maddi-texniki bazasının gücləndirilməsi tələbələrin paytaxta axınının azalmasına və müəyyən mənada nəqliyyat sıxlığının da qarşısının alınmasına kömək edə bilər.
Dərs qrafikinin dəyişdirilməsi isə nə orta məktəblərdə, nə də ali təhsil müəssisələrində ciddi nəticə verəcək. Bu sistem artıq formalaşıb. Hər il sentyabrın 15-də dərs ili başlasa da, cədvəllərin tam oturuşması üçün adətən, 5-10 gün vaxt tələb olunur. Belə bir sistemdə birdən-birə dəyişiklik etmək qarışıqlıq yarada bilər”.
M.Məmmədli bildirib ki, bu istiqamətdə yalnız pilot layihələrin tətbiqi məqsədəuyğun hesab oluna bilər:
“Pilot layihələr çərçivəsində müəyyən dəyişikliklər sınaqdan keçirilə bilər. Pandemiya dövründə gördük ki, təhsil sistemi belə bir modelə uyğunlaşa bildi və ciddi problemlər yaşanmadı. Təcrübə göstərdi ki, bəzi fənlərin onlayn tədrisi mümkündür.
Məncə, dəqiq elmlər və mühəndislik ixtisasları üzrə praktik məşğələlər əyani formada, humanitar istiqamətli fənlərin bir hissəsi isə onlayn şəkildə keçirilə bilər. Bu yanaşma həm nəqliyyat sıxlığının azaldılmasına, həm də tədris prosesinin daha çevik təşkilinə müəyyən töhfə verə bilər”.
Xatırlatma: Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Plana uyğun olaraq, sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.
Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.











