Son dövrlər televiziya məkanında qalmaqallı verilişlərin bir-bir bağlanması diqqət çəkir. Aparılan dəyişikliklər fonunda bəzi proqramların efirdən uzaqlaşdırıldığı halda, bəzilərinin yayımını davam etdirməsi isə suallar doğurur.
NOCOMMENT.az xəbər verir ki, bu kontekstdə Xəzər TV efirində yayımlanan və Lalə Azərtaş tərəfindən təqdim olunan proqram yenidən müzakirə mövzusuna çevrilib. İctimaiyyət arasında tez-tez sosial problemlərə “çözüm platforması” kimi təqdim edilən bu verilişdə müxtəlif sahələr üzrə mütəxəssislər çıxış edir, onların peşəkarlığı vurğulanır.
Lakin diqqət çəkən məqamlardan biri kanal rəhbəri Murad Dadaşov ilə bağlı yayılan məlumatlardır. Bildirilir ki, o, səhhəti ilə bağlı əməliyyat üçün xarici ölkəyə üz tutaraq Avropa həkimlərinə müraciət edib.
Bu fakt ictimai müzakirələrə səbəb olub. Belə ki, bəzi sosial media istifadəçiləri sual edir: əgər yerli efirdə təqdim olunan həkim mütəxəssislər yüksək peşəkarlıq səviyyəsinə malikdirsə, niyə bu imkanlardan kanal rəhbəri özü istifadə etməyib?
Mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu şəxsi seçim kimi dəyərləndirsə də, digərləri televiziya proqramlarında təqdim olunan ekspertlərin etibarlılığı və reklam xarakterli çıxışların real təsiri barədə suallar qaldırır.
Belə, hadisə bir daha göstərir ki, efirdə təqdim olunan məlumatlarla real həyat seçimləri arasında fərqlər ola bilər və bu da tamaşaçıların mediaya olan etimadını yenidən düşünməsinə səbəb olur.
Nərmin
NOCOMMENT.az












