Çempionlar Liqası: Bavariya Barselona-ya 8 qol vurdubackend

Çempionlar Liqası: Bavariya Barselona-ya 8 qol vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

NOCOMMENT-in məlumatına görə, yarımfinala 3-cü vəsiqə uğrunda matçda İspaniya “Barselona”sı ilə Almaniya “Bavariya”sı üz-üzə gəliblər. Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 8:2.

Qarşılıqlı hücumlarla başlayan oyunda hesab erkən açılıb. Bundesliqa çempionunun heyətində Tomas Müller 4-cü dəqiqədə fərqlənib. Lakin almanların sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra David Alaba topu öz qapısına göndərərək “Barselona”nın hesabı bərabərləşdirməsinə imkan yaradıb.

Bundan sonra kataloniyalılar bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratsalar da, qolu “Bavariya” vurub. 22-ci dəqiqədə İvan Perişiç dəqiq zərbə ilə komandasını yenidən önə çıxarıb. Hücumlarını davam etdirən münhenlilər 6 dəqiqə sonra rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Serj Qnabri müdafiənin arxasına atılan topu qapıdan keçirib. 31-ci dəqiqədə isə Müller dubl edərək ilk hissədə yekun hesabı müəyyənləşdirib – 4:1.

Fasilədən sonra toparlanmağa çalışan “Barselona” 57-ci dəqiqədə Luis Suaresin qolu ilə fərqi azaltsa da, 6 dəqiqə sonra “Bavariya” 5-ci dəfə rəqibi məyus edib. Yozua Kimmix adını tabloya yazdırıb. 82-ci dəqiqədə Robert Levandovski 6-cı topu ispaniyalıların qapısına vurub. Bununla kifayətlənməyən “Bavariya” rəqibi daha 2 dəfə cəzalandırıb. Filippe Koutinyo 85 və 89-cu dəqiqələrdə fərqlənərək matçda son nöqtəni qoyub – 8:2.

Qeyd edək ki, “Bavariya” növbəti mərhələdə “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18-19 avqust tarixlərində keçiriləcək.