Çevriliş ssenarisinin şok detalları: Almatı paytaxt elan olunacaqdı…backend

Çevriliş ssenarisinin şok detalları: Almatı paytaxt elan olunacaqdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçular Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əvvəlki rəhbərliyinin iştirakı ilə ölkədə dövlət çevrilişi etmək niyyətində olublar və paytaxt qismində Almatını seçiblər.

NOCOMMENT.az xəbər verir ki, qazaxıstanlı politoloq, Avrasiya İnteqrasiya İnstitutunun direktoru Urazqali Selteyev belə deyib.

“Baş verən hadisələr Milli Təhlükəsizlik Komitəsinin (MTK) iştirakı ilə dövlət çevrilişinə cəhddir. MTK məsələdə tam rol oynayıb. Burada ən azı iki versiya var. Komitə ya yaraqlıların ölkə ərazisinə daxil olmasına “krışalıq” edib, ya da bu və ya digər elitadaxili qrupların dövlət çevrilişi təşkil etməsində birbaşa iştirakçı olub. Xarici dövlətlərin ekstremist yönümlü nümayəndələrinin, o cümlədən qeyri-ənənəvi dini cərəyanların nümayəndələrinin ölkəyə girişi MTK tərəfindən qeydə alınmalı idi”, – deyə o bildirib.

Urazqali Selteyevin fikrincə, Almatının tutulması və onun paytaxt elan edilməsinə cəhd ssenarisi bütün əsaslarla işlənirdi: “Birincisi, Almatıda insanları çaşdırmaq, adi vətəndaşları iğtişaşlara qaldırmaq çox asandır. Çünki orada kifayət qədər marginal kütlə var. Bu bir qədər kobud səslənir. Ancaq söhbət müvəqqəti və mövsümi qazancla məşğul olan, itirməyə heç nəyi olmayanlardan gedir. Mən düşünürəm ki, niyyət belə olub. Ələlxüsus, Koktobedə televiziya qülləsini tutmağa cəhd edilib.

Biz bunun qarşısını alan təhlükəsizlik işçilərinə, o cümlədən KTMT sülhməramlı qüvvələrinə təşəkkür etməliyik. Əks halda, məncə, bu teleqüllədən ssenarini və tələbləri eşidərdik”.

Politoloq hesab edir ki, Kərim Məsimov 2016-cı ildən MTK-da həddən artıq çox funksiyaları cəmləşdirərək onu xüsusi xidmət orqanları arasında super-monstra çevirib. “İndi yeni rəhbərlik bu strukturu yenidən təşkil etməlidir, çünki orada sərhəd qoşunları, əks-kəşfiyyat, xarici kəşfiyyat xidməti və informasiya-kommunikasiya sisteminə nəzarət var. Buna imkan vermək olmaz. Onları müxtəlif strukturlara ayırmaq lazımdır. Düşünürəm ki, prezident bu istiqamətdə hərəkət edəcək”.

Qeyd edək ki, şənbə günü Qazaxıstan MTK-nın mətbuat xidməti komitənin keçmiş sədri Kərim Məsimov və digər şəxslərin dövlətə xəyanətdə şübhəli bilinərək həbs edildiyini açıqlayıb.
Teleqraf