Ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda düşmənə “Dəmir yumruq” zərbələrindən sonra mənəvi zərbələr endirməyə davam edir. Ötən ilin payızında başlamış 44 günlük müharibənin şokundan ayılmamış azad olunmuş torpaqlarda görülən işlərin həcmi mənfur qonşumuzu sarsıtmaqdadır. Hava limanları, geniş və çoxzolaqlı yollar, yeni yarımstansiyalar və bir çox obyektlər həm ölkəmizin maddi gücünü, həm də xalqımızın Qarabağdan ötəri nə qədər darxıdığını göstərir.
Görülən bütün işlərin içində Xarıbülbül Musiqi festivalı xüsusi yer tutur.
Ölkə Başçısının Mədəniyyət Mərkəzi elan etdiyi Şuşada yaşananlar, səslənən muğam və musiqilər, axşam səmanı bəzəyən atəşfəşanlıq uzaq İrəvanda belə ermənilərə məşhur dəmir yumruqdan da betər zərbə oldu. Ona görə də gözlənilən idi ki, festival nəinki ölkə mediasında, eləcə də xarici mətbuatda geniş işıqlandırılacaq.
Bu ərəfədə bəzi saytlarda keçmiş deputat Ceyhun Osmanlının 9 ölkədə festivalımızı tərənnüm etməsi barədə yazılar yayılıb. Bir oxucu kimi ölkəmizin uğurlarının xarici mediada yer alması bizi də sevindirdi, amma…
NOCOMMENT.az bu məsələ ilə bağlı kiçik bir araşdırmasını təqdim edir.
Əvvəla, bizim saytlara özünün bu işi haqqında hazır mətn göndərən C.Osmanlı festivalda şəkillər paylaşsa da, əziyyət çəkib bir dəfə olsun həmin şəkillərə özü baxmayıb. Çünki saytlarda festivalın adında Xarıbülbül sözü bitişik yazılmayıb. Ən azı həmin yazıdakı festivaldan şəkillərə baxsaydı, bu sözün necə yazıldığını görərdi. Bəlkə saytlara yazını mətbuat katibi göndərib?
Yazıdakı çoxsaylı qrammatik və üslub səhvlərini bir kənara qoyaraq, keçək xarici saytlara. Bu başdan deyək ki, keçmiş deputat ispandilli ölkələri seçdiyi üçün siyahıda maraqlı ekzotik ölkələr var. Məsələn, Kosta Rika. İrəli qaçaraq deyək ki, Ceyhun bəyin yazısı dərc olunan saytlar arasında ən məşhuru elə bu ölkənin sayt idi.
Sizcə, Qvatemalada bizim ölkəni tanıyırlarmı? Qarabağ müharibəsini izləyirdilərmi? Əgər desəniz – yox, onda elə tanıtmağın əsl məqamıdır. Amma niyə Ceyhun bəy məhz bu saytı seçib? Sayt açıldığı gündən bu yana cəmi 4 ay işləyib, onun iki ayı (aprel və may) bu ilə təsadüf edirsə, əvvəlki iki ayı 2019-cu ildə olub. Yəqin növbəti dəfə bu sayt 2023-cü ildə Ceyhun bəyin köməyilə yoluna davam edəcək. Daha bir maraqlı məqam isə POLİTOLOQ-un yazısının təhsil bölməsində yerləşdirilməsidir:
Balaca ölkələrdən keçək Latın Amerikasının böyük ölkəsinə – Argentinaya. Ceyhun bəy bu ölkədə möhtəşəm yazısını dərc etdiyi saytın feysbukda abunəçilərinin sayı cəmi 300 nəfərdir. Təsəvvür edirsiniz? 50 milyon nəfərlik bir ölkənin, bu saytını neçə nəfər oxuyur? Çox maraqlıdır ki, sayt fəaliyyətə keçən ilin noyabr ayında başlayıb…
Daha acınacaqlı vəziyyət Ceyhun bəyin Braziliyada seçdiyi saytdadır – FB izləyicilərinin sayı cəmi 89 nəfər. Adından və dizaynından (əgər dizayn demək olarsa) Xəzər dənizi ilə bağlı olan saytda ölkəmiz haqqında əvvəllər də bir neçə yazı yerləşdirilib. Amma ən maraqlısı Ceyhun bəyin yazısına dahi politoloqun şəklinin yarımçıq qoyulmasıdır – yəqin braziliyalılar onu qırmızı qalstukundan tanıyır.
Ekzotik ölkələr keçid alaq dünya lideri ABŞ-a – medium platformasında blog şəklində fəliyyət göstərən bu saytın adında sanki mətbuat sözü gizlənib. Blog Karlos Matias adlı şəxsə məxsusdur. Karlos müəllim Ceyhun müəllimdən əvvəl sonuncu dəfə saytına keçən ilin dekabrında bizim ölkənin rəsmi xəbərini qoyub. Ondan əvvəl isə 2019-cu ilin aprelində texnoloji mövzuda çıxışını yerləşdirib. Daha bir maraqlı məqam isə Karlosun bloquna abunəçilərin sayıdır – cəmi 3 nəfər: onlardan biri yəqin Karlosun özüdür, biri Ceyhun müəllimdir, üçüncüsünü tapmağı isə sizin öhdənizə buraxırıq:
Ümumiyyətlə, saytların hamısı internetdə tanınmış WordPress platformasının pulsuz dizaynları üzərində tərtib olunduğu üçün çox zövqsüz görünürlər.
İstənilən halda keçmiş deputatın bu istəyi təqdirəlayiqdir, amma ucuz ətin şorbası da dadsız olur. Yəni kəmiyyət dalınca qaçmaqdansa, bəzən keyfiyyəti də düşünmək lazımdır. Bu qədər ölkə olmasın, bir ölkə olsun, amma dünyanın tanıdığı sayt olsun.
Məsələnin digər tərəfi daha maraqlıdır. Nurçu damğası ilə depuatlıqdan, bir çox imkanlarından məhrum olunmuş eks-deputatı ölkə mediasında kimlər və niyə reklam etməyə başlayıblar? Ərdoğanın adını belə eşitmək istəmədiyi Fətullah Gülənin ölkəmizdəki əsas fiqurlarından birini yenidən siyasətə kim qaytarmaq istəyir?
NOCOMMENT.az