Malaziyada kubomeduza sancması nəticəsində Vova adlı iki yaşlı rusiyalı uşaq dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, valideynləri Olqa və Nikita bildirib ki, onlar tez-tez dünyanın fərqli ölkələrinə səyahət edirdilər.
Son olaraq isə Tayland və Balidən sonra Malaziyaya gəliblər. Bədbəxt hadisə də elə burada, keçən şənbə günü baş verib.
Hadisə zamanı atası uşağı sudan çıxarıb, lakin sahildə xilasetmə personalı və xəbərdaredici lövhələrin olmadığını görüb. İlk yardım ətrafdakı təsadüfi şahidlər tərəfindən göstərilib, yara yuyulub, lakin təcili yardım çağırıla bilməyib.
Uşaq valideynləri tərəfindən xəstəxanaya aparılıb, lakin iki yaş 8 aylıq Vova toksik zəhərlənmə nəticəsində həyatını itirib.
Valideynlərin sözlərinə görə, hadisədən sonra yerli hakimiyyət orqanları sahildə turistləri xəbərdar edən lövhələr və kabinələr quraşdırmağa başlayıblar.
Kubomeduzalar adətən Avstraliyada rast gəlinir və onların sancması insanın sinir sistemini, ürəyi və dərisinə təsir edərək dörd dəqiqə ərzində ölümə səbəb ola bilər.














