Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. Qəza zamanı həyatını itirən şəxslərin iki bacı olduğu bildirilib.
NOCOMMENT.az-ın məlumatına görə, onlar digər sərnişinlərlə birlikdə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Qəza nəticəsində xəsarət alan 4 nəfərin müalicəsi hazırda xəstəxanada davam etdirilir. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
***
27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb.
**
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Fidan Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.
Turab













