Dərmanların fərqli qiymətə satılma SƏBƏBİbackend

Dərmanların fərqli qiymətə satılma SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Dərman preparatlarının müxtəlif qiymətlərlə bazara çıxarılması tez-tez insanların narahatlığını dilə gətirdiyi mövzulardan biridir. Bəzən bir dərman bir aptekdə fərqli, digərində isə tamam fərqli qiymətə satılır və ya ölkə bazarında olan preparatların eyniadlısı və eyni tərkiblisi Türkiyə, Almaniya kimi ölkələrdə dəfələrlə ucuz olur. Maraqlı olan məsələ isə dərmanların qiymətinin hər aptekdə fərqli satılmasının səbəbləridir.

 “Azad bazar iqtisadiyyatıdır. Kim hansı qiymətə istəsə, o qiymətə sata bilər. Məlumdur ki, 3000-dən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir. Qiyməti tənzimlənməyən preparatlar isə istənilən qiymətə satıla bilər. Buna kiminsə müdaxilə etməyə ixtiyarı yoxdur. Əgər tələb varsa, satıcı qiyməti qaldıra bilər”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov NOCOMMENT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə əsasən, Prezident İlham Əliyev bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına daima tapşırıqlar verir: “Cənab Prezident daima öz iqtisadi çıxışlarında müvafiq qurumlara tapşırıqlar verir, lakin tapşırıqlarına düzgün əməl etmirlər. Bu məsələ ilə bağlı dövlət qurumlarının fəaliyyətini demək olar ki, görmürük. Biznes qurumları onlar üçün yaradılan toxunulmaz şəraitdən sui-istifadə edirlər. Hər mal, o cümlədən, dərmanları istədiyi qiymətə əhaliyə satır”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dünyanın dərman satışı şəbəkəsi ən böyük olan ölkələrdən biridir: “Elə də böyük olmayan bir prospektdə 25 aptek gördüm. Bu məni təəccübləndirdi. Orta hesabla başqa ölkələrdə apteklərin sayı Azərbaycana görə 20 dəfə azdır”.

Sonda onu da bildirək ki, hər bir şəxs aptekdən dərman vasitəsi alarkən qiymətinin dövlət tərəfindən tənzimlənib-tənzimlənməməsini bilmək üçün aptekdən həmin preparatların siyahısını tələb edə bilər. Bu zaman satıcı siyahını müştəriyə təqdim etməyə borcludur.

Nərmin Vüqarqızı