DİQQƏT: 2025-də sifariş edib 2026-da alacağınız avtomobillərdə qiymətlər belə olacaq –  Rüsumla bağlı VACİB AÇIQLAMAbackend

DİQQƏT: 2025-də sifariş edib 2026-da alacağınız avtomobillərdə qiymətlər belə olacaq – Rüsumla bağlı VACİB AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildən hibrid avtomobillərə tətbiq ediləcək yeni gömrük rüsumları ilə bağlı qeyri-müəyyənlik alıcılar arasında ciddi narahatlıq yaradıb. Xüsusilə 2025-ci ilin dekabrında sifariş edilən, lakin logistika səbəbindən 2026-cı ildə ölkəyə daxil olacaq avtomobillərin hansı qaydalarla rəsmiləşdiriləcəyi müzakirə mövzusuna çevrilib.

Vətəndaşların əsas sualı isə budur: Sifarişi 2025-ci ildə verilmiş avtomobillər güzəştdən yararlanacaq, yoxsa 2026-cı ilin yeni rüsumları ilə rəsmiləşdiriləcək?

Mütəxəssislər bildirirlər ki, gömrük ödənişləri sifariş və ödəniş tarixindən deyil, avtomobilin ölkəyə faktiki daxil olma günündən hesablanır. Bu isə o deməkdir ki, avtomobil 2026-cı ildə gömrük rəsmiləşdirilməsinə düşərsə, yeni rüsumların tətbiqi qaçılmaz ola bilər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov NOCOMENT.az-a açıqlamasında qeyd edib ki, ölkədə bu kimi hallarla bağlı əvvəllər də xüsusi yanaşma tətbiq olunub:

“Əslində bizdə belə bir praktika olub – o zaman güzəşt edilirdi. Yəni rəsmi sifarişlər mövcud idisə və ödəniş edilmişdisə, həmin avtomobillərə əvvəlki güzəştlər tətbiq olunurdu. Düşünürəm ki, bu dəfə də eyni yanaşma ola bilər və elə hüquqi baxımdan da belə olmalıdır. Amma bununla bağlı hazırda qanunvericilikdə konkret müddəa görməmişəm. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabinetinin əlavə qərarı tələb oluna bilər. Çox güman ki, ayrıca qərarla məsələ dəqiqləşdiriləcək.”

Ekspertin fikrincə, mövcud vəziyyət alıcı ilə avtomobil gətirən şəxs və ya şirkət arasında münasibətləri də həssas edir:

“Buna görə tərəflər arasında bağlanan müqavilələrdə avtomobilin çatdırılma tarixi, mümkün gecikmələr, eləcə də rüsum artımı nəticəsində yaranacaq əlavə xərclərin kim tərəfindən ödəniləcəyi açıq şəkildə göstərilməlidir. Bu, gələcək mübahisələrin və maddi zərərin qarşısını almağa imkan verir.”

Mütəxəssis alıcılara tövsiyə edir ki, sifariş etməzdən əvvəl yazılı təminat əldə etsinlər, gecikmə ehtimalını nəzərə alsınlar və dəyişə biləcək rüsumlarla bağlı riskləri əvvəlcədən qiymətləndirsinlər.