Həbsdən azad olunan şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericilikdə müəyyən qaydalar mövcuddur. Bəs, həbsdən çıxmış şəxslər faktiki olaraq hərbi xidmətə çağırılırmı?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, məsələ törədilmiş cinayətin ağırlıq dərəcəsindən asılı olaraq fərqli yanaşma tələb edir.
Ekspertin sözlərinə görə, ağır cinayət törətmiş şəxslərin hərbi xidmətə çağırılması zamanı müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür və onların psixoloji durumu xüsusi diqqətlə qiymətləndirilir:
“Əgər şəxs qəsdən adam öldürmə kimi ağır cinayətə görə həbs olunubsa, onun psixikasında müəyyən problemlər ola bilər. Belə insanlar hərbi xidmət zamanı da uyğunlaşma çətinliyi yaşaya və ya risk yarada bilərlər. Bu baxımdan ağır cinayət törətmiş şəxslərə münasibət fərqlidir və onlar barədə ayrıca yanaşma tətbiq olunur”.
Üzeyir Cəfərov qeyd edib ki, az ağır cinayətlər törətmiş şəxslər isə adətən hərbi xidmətə cəlb olunurlar və xidmətlərini normal şəkildə keçirlər:
“Oğurluq, ehtiyatsızlıq nəticəsində baş vermiş cinayət əməllərinə görə həbs olunmuş şəxslər hərbi xidmətə çağırıla bilərlər. Konstitusiyaya əsasən hər bir vətəndaşın hərbi xidmət borcu var. Lakin elə şəxslər də mövcuddur ki, onların xidmətə çağırılması əlavə risk və təhlükə yaradır”.
Hərbi ekspert vurğulayıb ki, həbsdən çıxmış şəxslər ciddi nəzarət altında saxlanılır və onların davranışlarına xüsusi diqqət yetirilir:
“Həbsdən azad olunmaq o demək deyil ki, hər kəs tam islah olunub. Bəzən əksinə, bəzi şəxslər həbsxanada daha da aqressivləşirlər. Bu da sonradan əlavə problemlərə səbəb olur”.
Beləliklə, həbsdən çıxmış şəxslərin hərbi xidmətə çağırılması məsələsi fərdi yanaşma əsasında, törədilən cinayətin xarakteri və şəxsin psixoloji vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. /KONKRET.az/














