DİQQƏT: Bu vəzifəli şəxslərin əmlakları müsadirə olunacaq və 3 il həbs ediləcəklərbackend

DİQQƏT: Bu vəzifəli şəxslərin əmlakları müsadirə olunacaq və 3 il həbs ediləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəzifə səlahiyyətlərindən sui-istifadə dövlət qulluğunda və ya hər hansı idarəetmə sistemində olan şəxsin öz səlahiyyətlərini qanunsuz məqsədlərlə istifadə etməsi deməkdir”.

Bu fikirləri NOCOMENT.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə səsləndirib.

Hüquqşünas deyib ki, yəni, vəzifəli şəxs öz xidməti səlahiyyətlərindən şəxsi maraqları, yaxud başqa şəxslərə qanunsuz üstünlük qazandırmaq üçün istifadə edirsə, bu, artıq sui-istifadə sayılır:

“Bu zaman həmin şəxs qulluq mənafeyinə zidd davranır, yəni, dövlətin, cəmiyyətin və ya vətəndaşların qanuni maraqlarına qarşı çıxır. Əgər bu hərəkət nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına, yaxud dövlətin və cəmiyyətin qorunan mənafelərinə mühüm zərər vurulursa, artıq cinayət məsuliyyəti yaranır.

Qanuna görə, (Cinayət Məcəlləsinin 308-ci maddəsi) belə hallarda cəza aşağıdakı kimi müəyyən edilir:

— iki min manatdan dörd min manatadək cərimə,

— və ya üç ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə,

— yaxud iki ilədək islah işləri,

— üç ilədək azadlığın məhdudlaşdırılması,

— və ya əmlakı müsadirə olunmaqla üç ilədək azadlıqdan məhrum etmə.

Əgər bu əməl ağır nəticələrə səbəb olarsa və ya seçkinin və ya referendumun nəticələrinə təsir etmək məqsədilə törədilərsə, cəza daha sərt olur. Belə hallarda vəzifəli şəxs üç ildən yeddi ilədək azadlıqdan məhrum edilir, həmçinin müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunur və əmlakı müsadirə edilir”.

Vəkil Turan Abdullazadə
Vəkil Turan Abdullazadə

Hüquqşünasın sözlərinə görə, bu maddədə “vəzifəli şəxs” anlayışı da geniş izah olunub:

“Buraya dövlət orqanlarına seçilmiş və ya təyin olunmuş şəxslər, dövlət qulluqçuları, bələdiyyə üzvləri və qulluqçuları, zabit və gizirlər, həmçinin dövlət və bələdiyyə müəssisələrinin, publik hüquqi şəxslərin, kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri daxildir. Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin və beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq məhkəmələrin hakimləri, arbitrlər və xarici andlı iclasçılar da bu anlayışa daxildir.

Yəni, bu maddə yalnız dövlət qulluqçularına aid deyil. Əgər bir şəxs istənilən vəzifədə, istənilən səviyyədə öz səlahiyyətlərindən şəxsi maraqları naminə, qanunsuz şəkildə istifadə edirsə, o zaman qanun qarşısında məsuliyyət daşıyır. Bu norma cəmiyyətin və dövlətin əsas prinsiplərindən birini qoruyur, yəni, vəzifə səlahiyyəti yalnız ictimai mənafeyə xidmət etməlidir, şəxsi qazanca yox”.