Dmanisidə azərbaycanlılara məxsus mağaza fəaliyyətini bərpa edibbackend

Dmanisidə azərbaycanlılara məxsus mağaza fəaliyyətini bərpa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.

Dövlət Komitəsinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib, daha sonra Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia, Mədəniyyət, idman və gənclərlə iş üzrə nazir müavini Kaxa Sixarulidze, Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Qiqauri, təhsil nazirinin müavini Yekatirine Dqebuadze və Dini məsələlər üzrə Dövlət Agentliyinin sədr müavini Georgi Ukleba ilə görüşüb.

Səfər çərçivəsində Marneuli, Qardabani, Dmanisi rayonlarında və digər bölgələrdə yaşayan soydaşlarımızla görüşlər keçirilib. Sosial şəbəkələrdə səsləndirilən əsassız iddiaların əksinə olaraq, Komitənin nümayəndə heyəti Dmanisi rayonuna yollanıb, soydaşlarımızla yerli sakinlər arasında bir neçə gün öncə insidentin baş verdiyi yerdə olub, sakinlərlə görüşüb, hadisə ilə bağlı ətraflı müzakirələr aparıblar. Bildirilib ki, mağaza artıq fəaliyyətini bərpa edib və münaqişə tərəfləri arasındakı anlaşılmazlıq aradan qaldırılıb.

Azərbaycanla Gürcüstan arasındakı sarsılmaz dostluq, qonşuluq münasibətləri bütün sahələrdə olduğu kimi, burada yaşayan soydaşlarımızın gündəlik həyatında da hiss olunur və müsbət təsirini göstərir.

Hazırda nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir və səfərin yekunları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfiri və səfirliyin əməkdaşları da iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələləri daim diqqətdə saxlayır, həll olunması istiqamətində tədbirlər görür.