Dollara olan tələbat 2 milyarda yaxınlaşır – Manatı nə gözləyir? – ŞƏRHbackend

Dollara olan tələbat 2 milyarda yaxınlaşır – Manatı nə gözləyir? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Mərkəzi Bank tərəfindən keçirilən hərracda ABŞ dollarına tələb 83,3 milyon olub. 12 Mart 2024-cü il tarixində keçirilmiş valyuta hərracında isə tələb 79,4 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 20 valyuta hərracında bankların tələbi 1 milyard 598,4 milyon dollar olub.

Son günlər dollara olan tələbatın hər hərracda artması manata necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, Valyuta.az-ın suallarına cavab verən iqtisadçı Eyyub Kərimli deyib ki, bu proses yanvar ayından start götürüb. Biz artıq 2 aydı dollara tələbatın artmasını müşahidə edirik:

“Lakin düşünürəm ki, bu hələ də bizə manatın hansısa formada məzənnəsini dəyişəcəyini deməyə əsas vermir. Çünki bu gün ölkədə valyuta ehtiyatı kifayət qədərdi, bundan başqa ölkəyə valyuta ehtiyatı da daxil olur. Hazırda ölkəmizdə 72 milyard dollara yaxın valyuta ehtiyatı var. Bu da təhlükəsizlik yastığı yaradır”.

İqtisadçı deyib ki, dollara tələbatın artmasını 2 amillə izah etmək olar:

“Birincisi, bayram öncəsi ölkəyə daxil olan məhsulların idxal qiymətlərinin artımasıdır. Digər amil isə müşahidələr göstərir ki, kreditlərdə dollarlaşma prosesi gedir. Banklar əsasən hazırda kreditləri dollarla verir və dollarla olan kreditlər artıb. Hesab edirəm ki, bu da süni amildir. Bundan əlavə manatlarda olan depozitlərdə dolların həcmi artıb. Hazırda depozitlərdə və kreditlərdə dollarlaşma prosesi gedir. Bütün bunlar da ölkədə dollara olan tələbatı artırır”.

Eyyub Kərimli deyib ki, bütün bu proseslərin fonunda daha ciddi fikir aprel ayının ortalarında söyləyə biləcəyik:

“Bu gün ölkəmiz böyük beynəlxalq bir tədbirə hazırlaşır. Bu da valyutaya olan tələbatı artırır.

Azərbaycan COP29-a ev sahiblik edəcək və bununla bağlı müəyyən idxal məhsullarının, materialların, digər əmtəələrin idxalı nəzərdə tutulur ki, bu da dollara olan tələbi artıra bilər. Bütün bunların fonunda manatın məzənnəsinə elə bir təsir olacağını düşünmürəm. Hələ ki, makro iqtisadi göstəriclərimiz, xarici borcumuzun həcmi, ölkəyə daxil olan valyutan-nın həcmi bunu deməyə əsas verir”.