“Donan” qaz sistemi Sumqayıtı da dondurdu – İnsanlar ayaqda, MƏMURLAR susur! – VİDEObackend

“Donan” qaz sistemi Sumqayıtı da dondurdu – İnsanlar ayaqda, MƏMURLAR susur! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gündür Sumqayıtda və ölkənin bir çox bölgəsində yaşanan qaz smart kartı problemi təkcə texniki nasazlıq deyil, açıq-aşkar idarəetmə, məsuliyyət və ictimaiyyətlə əlaqə fiaskosudur. İnsanlar pullarını terminallara ödəyir, amma nə kartda vəsait görünür, nə də evlərə qaz verilir. Daha dəhşətlisi isə odur ki, bu vəziyyətdə vətəndaşlar tam informasiya boşluğunda saxlanılır.

Ortada kütləvi narazılıq var, yollar bağlanır, insanlar etiraza qalxır, amma Sumqayıt şəhər rəhbərliyi sanki bu problemlə üz-üzə qalmayıb. Nə şəhər icra hakimiyyəti, nə də bu sahəyə cavabdeh yerli strukturlar çıxıb xalqa aydın, konkret məlumat vermir. Bu, sadəcə səhlənkarlıq deyil, açıq şəkildə öz vətəndaşına sayğısızlıqdır.

“Azəriqaz” İB-nin açıqlaması isə vəziyyəti daha da ağırlaşdırır. “Sistem xətası”, “kütləvi əməliyyatlar”, “ilin əvvəli olduğu üçün müraciətlərin çoxluğu” kimi ifadələr artıq standart bəhanələrə çevrilib. Əgər hər il yanvarın əvvəlində bu cür risklər mövcuddursa, bəs niyə qabaqlayıcı tədbirlər görülmür? Niyə dövlətə məxsus bir qurumun sistemi bu qədər zəif və etibarsızdır ki, minlərlə abonentin pulu havada qalır?

NOCOMMENT.az-a danışan enerji məsələləri üzrə ekspert Rövşən Abdullayev də hesab edir ki, problem təkcə texniki deyil, idarəetmə xarakterlidir. Onun sözlərinə görə, “smart sayğac sistemləri əvvəlcədən risk analizinə əsaslanaraq idarə olunmalıdır. Kütləvi ödənişlərin olacağı dövrlər – ilin əvvəli, tarif dəyişiklikləri və ya bayram öncəsi sistem gücləndirilməli, alternativ mexanizmlər hazırlanmalıdır. Ən vacibi isə, belə hallarda vətəndaşa dərhal açıq və şəffaf məlumat verilməlidir. Susqunluq narazılığı ikiqat artırır.

Ekspertin fikrincə, ödəniş qəbul edən, amma xidməti göstərməyən sistem hüquqi baxımdan da ciddi suallar doğurur: “Vətəndaş pulunu ödəyibsə və xidmət göstərilmirsə, bu artıq istehlakçı hüquqlarının pozulmasıdır. Qurum bu məsələyə görə ictimai şəkildə üzr istəməli və kompensasiya mexanizmi təqdim etməlidir.”

NOCOMMENT.az-ın şərhi:

Ən biabırçı məqam isə budur ki, insanlar qışın ortasında qazsız qalır, amma bir nəfər yüksək vəzifəli şəxs çıxıb açıq şəkildə “pulunuz itməyib, filan tarixdə bərpa olunacaq” demir. Nə Sumqayıt rəhbərliyi, nə də “Azəriqaz” rəhbərliyi vətəndaş qarşısında məsuliyyət hissi nümayiş etdirir.

Bu cür hallar göstərir ki, problemin kökü təkcə serverdə və ya proqram təminatında deyil, düşüncə tərzindədir. Vətəndaş hələ də cavabdeh qurumlar üçün prioritet deyil. Halbuki söhbət insanların gündəlik həyatından, istiliyindən, rahatlığından gedir.

Bu nə biabırçılıqdır? Dövlət qurumu vətəndaşın pulunu alır, amma xidmət göstərə bilmir və üstəlik, cəmiyyətə izahat verməyi də özünə rəva bilmir. Bu yanaşma nə etimad yaradar, nə də sabitlik. Susmaqla, problemi ört-basdır etməklə narazılıq aradan qalxmayacaq – əksinə, daha da dərinləşəcək.