Abbas Araqçı sosial şəbəkədə İran və Livan bayraqlarını paylaşdı - Müharibə MESAJI
Yaxın Şərqdə hərbi və diplomatik gərginliyin pik həddə çatdığı, Tehranla Vaşinqton arasında danışıqların gedişatına dair müzakirələrin fəallaşdığı bir vaxtda, İranın xarici işlər naziri Abbas Araqçının (Abbas Araghchi) rəsmi "X" (keçmiş Twitter) hesabındakı paylaşımı diqqət mərkəzinə düşüb. Nazir öz bəyanatının sonunda İran və Livanın dövlət bayraqlarının emojilərini yerləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu simvolik jest İran ilə Livan rəhbərliyi arasında yaranmış açıq diplomatik polemika fonunda baş verib.
Belə ki, Livan Prezidenti Cozef Aun (Joseph Aoun) CNN telekanalına verdiyi müsahibədə Tehranı sərt tənqid edərək, Livanın ABŞ-la danışıqlarda İran tərəfindən bir "sövdələşmə vasitəsi" (razmennaya moneta) kimi istifadə olunduğunu və Livan xalqının bunun bədəlini ödədiyini iddia etmişdi.

İran XİN rəhbəri Abbas Araqçı "X" hesabından bu ittihamlara dərhal və kəskin cavab verib:
"Cənab Aunun şərhlərinə əsasən elə təəssürat yaranır ki, sanki Livanın beşdə birini işğal edən, əhalisinin dörddə birini didərgin salan və hər gün bu ölkəni bombalayan başqa bir aktor yox, məhz İrandır. Əgər Livan İrandan ötrü bir sövdələşmə vasitəsi olsaydı, biz ABŞ-la çoxdan razılığa gəlmişdik. Livanı öz real düşmənindən (İsraildən) xilas edin, Prezident".
Araqçı iki ölkənin qardaşlığına və ortaq regional taleyinə işarə edərək mesajının sonuna İran (🇮🇷) və Livan (🇱🇦) bayraqlarını əlavə edib. Bu həm də Tehranın Livan platformasından və "Hizbullah" amilindən geri çəkilməyəcəyinə dair Vaşinqton və Beyruta diplomatik bir mesaj kimi qiymətləndirilir.
Əli Səfərli












