Amerika Birləşmiş Ştatlarının nüfuzlu media və siyasi dairələrində Azərbaycanla hərbi-strateji tərəfdaşlığın miqyasını genişləndirmək, xüsusən də Bakıya müasir döyüş təyyarələrinin satılmasını təmin etmək barədə səslənən çağırışlar Cənubi Qafqazın hərbi geosiyasətində yeni bir müzakirə dalğası başladıb.
"Henry Public Relations" şirkətinin rəhbəri və "Newsmax TV"nin analitiki Brayan E. Leybin rəsmi Vaşinqtonu 1992-ci ildən bəri qüvvədə olan ədalətsiz 907-ci düzəlişi tamamilə ləğv etməyə çağırması ABŞ-ın regiondakı maraqlarının ciddi şəkildə dəyişdiyini nümayiş etdirir. Azərbaycan Hərbi Hava Qüvvələrinin son vaxtlar həyata keçirdiyi təlim uçuşlarına rəy bildirən amerikalı ekspert, rəsmi Bakının etibarlı və sınaqlardan keçmiş müttəfiq olduğunu əsas gətirərək hərbi embarqoların mənasızlığını dilə gətirib. Konqres üzvü Anna Paulina Lunanın təqdim etdiyi qanun layihəsindən sonra bu mövzunun yenidən aktuallaşması, ABŞ-ın hərbi-sənaye kompleksinin regiondakı nəhəng hərbi bazarı əldən vermək qorxusundan qaynaqlanır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, ABŞ-dan gələn bu sensasion çağırışlar əslində Vaşinqtonun regionda tamamilə reallığa söykənən siyasət yürütmək məcburiyyətində qaldığını göstərir: "Amerika siyasi elitası açıq şəkildə görür ki, onilliklər əvvəl erməni lobbisinin diqtəsi ilə qəbul edilən qərarlar indi ABŞ-ın öz xarici maraqlarına mane olur. Azərbaycan artıq Cənubi Qafqazda güc balansını təkbaşına diktə edən dövlətdir və müdafiə sənayesini inkişaf etdirmək üçün hansısa dövlətin icazəsinə və ya lisenziyasına möhtac deyil. Bədnam 907-ci düzəliş bəhanə edilərək Bakıya tətbiq olunan süni məhdudiyyətlər ABŞ hərbi şirkətlərini böyük qazanclardan məhrum edir. Lakin cari ilin sonuna qədər Konqresdən bu aktın tamamilə ləğv olunacağını gözləmək həddindən artıq optimist yanaşma olardı. Çünki Amerika qanunverici orqanında kök salmış ermənipərəst qruplar hər vəchlə bu layihənin qarşısını kəsməyə və administrativ əngəllər yaratmağa çalışacaqlar".
Onun sözlərinə görə, ABŞ-ın qırıcı təyyarələr təklif etmək mərhələsinə gəlməsi Bakının apardığı çoxşaxəli və müstəqil hərbi diplomatiyanın böyük uğurudur: "Azərbaycan öz hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə artıq Pakistan və Çin birgə istehsalı olan ən müasir beşinci nəsil texnologiyalı 'JF-17C' qırıcılarını arsenalına daxil edib, eyni zamanda qardaş Türkiyə ilə hərbi-texniki inteqrasiyanı maksimum səviyyəyə çatdırıb. Vaşinqton dərk edir ki, hərbi sahədə Bakıya təzyiq etmək və ya onu sanksiyalarla qorxutmaq alətləri artıq işləmir. Əksinə, ABŞ bu cür qərəzli addımlarla regiondakı strateji mövqelərini digər qlobal oyunçulara uduzur. Konqresin cari ilin sonunadək bədnam qanunu tamamilə ləğv etməsi hüquqi prosedurların mürəkkəbliyi səbəbindən çətin görünsə də, Amerika mətbuatında və analitik mərkəzlərində Azərbaycana silah satışının vacibliyinin bu səviyyədə müdafiə olunması rəsmi Bakının növbəti geosiyasi və diplomatik üstünlüyünün bariz nümunəsidir".
Sara,












