ABŞ-də məşhur kulinariya layihəsinin aparıcısı Con Deyvis canlı yayım zamanı vəfat edib. Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
NOCOMMENT.az xəbər verir ki, 55 yaşlı Con Deyvis "Coffee Time with John and Momma" adlı kulinariya layihəsinin aparıcısı olub. O, anası ilə birlikdə canlı yayım zamanı yemək hazırlayarkən qəfil özünü pis hiss edib.
Məlumata görə, Deyvis yayım zamanı huşunu itirərək yerə yıxılıb. Hadisədən dərhal sonra təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, Con Deyvis uzun müddətdir müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkirmiş. Bildirilir ki, onda ürək çatışmazlığı, böyrək çatışmazlığı, yüksək qan təzyiqi, diabet və yuxu apnesi olub.
Məhkəmə-tibb ekspertinin ilkin rəyində ölümdə şübhəli halın müəyyən edilmədiyi qeyd olunub. Ölümün dəqiq səbəbinin əlavə ekspertizalardan sonra açıqlanacağı gözlənilir.
Con Deyvis və anası birlikdə hazırladıqları kulinariya videoları ilə sosial şəbəkələrdə böyük populyarlıq qazanmışdılar. Onların "Coffee Time with John and Momma" layihəsini yüz minlərlə izləyici izləyirdi.
Aparıcının vəfatı izləyiciləri arasında dərin kədər yaradıb. Sosial şəbəkələrdə minlərlə istifadəçi ailəsinə başsağlığı verib./demokrat











