Çempionatdan sonra faciə yaşandı - Ölən var

Çempionatdan sonra faciə yaşandı - Ölən var

İspaniyanın futbol üzrə dünya çempionu olmasını qeyd edən azarkeşlərin sevinci faciə ilə nəticələnib. Salamanka əyalətinin Syudad-Rodriqo (Ciudad Rodrigo) şəhərində keçirilən bayram tədbirləri zamanı fəvvarənin bir hissəsinin uçması nəticəsində 13 yaşlı yeniyetmə həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə iyulun 20-nə keçən gecə, yerli vaxtla saat 00:33 radələrində şəhərin məşhur Árbol Gordo meydanındakı fəvvarənin ətrafında baş verib. İspaniya millisinin 2026-cı il dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olmasından sonra yüzlərlə insan küçələrə axışıb. Bayram zamanı çoxsaylı gənclər fəvvarənin üzərinə çıxıb və bu zaman konstruksiyanın yuxarı hissəsi çöküb.

Hadisə yerinə dərhal yerli polis, Mülki Qvardiya, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altından çıxarılan 13 yaşlı oğlan yaxınlıqdakı tibb mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Müxtəlif mənbələrə görə, insident zamanı daha iki və ya üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən sonra Syudad-Rodriqo şəhər rəhbərliyi üç günlük matəm elan edib. Şəhərdə dövlət bayraqları endirilib, mərhumun ailəsinə psixoloji dəstək göstərilməsi üçün xüsusi qruplar səfərbər olunub. Faciənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Lakin ölkə boyu keçirilən bayram tədbirləri Syudad-Rodriqoda yaşanan bu faciə ilə kölgədə qalıb.

Sara,
NOCOMMENT.az