Ermənistan qarışdı - Mitinqlər başlayır

Ermənistan qarışdı - Mitinqlər başlayır

Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələrinin elan olunması ərəfəsində paytaxt İrəvanda daxili siyasi vəziyyət kritik həddə çatıb. Səslərin yenidən sayılması və bəzi məntəqələrin nəticələrinin ləğv edilməsinə etiraz edən müxalifət qüvvələri Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısına toplanmağa başlayıb.

NOCOMMENT.az-ın Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda MSK-nın inzibati binasının qarşısında seçkilərdə ikinci yeri tutan müxalif "Güclü Ermənistan" Blokunun rəsmi nümayəndələri və tərəfdarları yer alıb. Ərazidə polis tərəfindən geniş təhlükəsizlik tədbirləri görülüb.

Bundan başqa, parlamentə keçid baryerini (4%) adlamasına cəmi 0,04% səs (3,99% səs toplayıb) çatmayan və iki məntəqədəki səslərinin qanunsuz ləğv edildiyini iddia edən Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası da hərəkətə keçib. Partiya rəhbərliyi tərəfindən bu gün saat 13:00-da MSK binasının qarşısında irimiqyaslı və izdihamlı etiraz mitinqi elan olunub. Müxalifət liderləri səslərin oğurlandığını və hakimiyyətin inzibati resurslardan istifadə edərək seçkinin nəticələrini saxtalaşdırdığını bəyan ediblər. Bölgədə gərginliyin artacağı və qarşıdurma riskinin yüksək olduğu bildirilir.