Haluk Leventin işində milyonluq QALMAQAL

Haluk Leventin işində milyonluq QALMAQAL

AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində qurumun keçmiş idarə heyətinin üzvü və xəzinədarı Hüseyn Küçük, eləcə də Fatih Ekenin polisə verdiyi ifadələr üzə çıxıb. İfadələrdə Haluk Levent tərəfindən verildiyi iddia olunan çeklərlə bağlı diqqətçəkən məlumatlar yer alıb.

NOCOMMENT.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Küçük və Eke İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsində dindirilib.

“Çeklər şəxsi kommersiya işlərində istifadə olunub”

Hüseyn Küçük ifadəsində 2022-ci ildən 2024-cü ilin may ayınadək AHBAP Dərnəyində xəzinədar kimi çalışdığını bildirib. O, idarə heyətindən ayrıldıqdan sonra Haluk Leventin AHBAP Dərnəyinin İqtisadi Müəssisəsi adından çeklər çıxardığını iddia edib.

Küçük həmin çeklərin Haluk Leventin şəxsi kommersiya borclarının ödənilməsi zamanı istifadə olunduğunu irəli sürüb:

“Biz AHBAP Dərnəyinin rəhbərliyindən ayrıldıqdan sonra Haluk Levent dərnəyin iqtisadi müəssisəsi adından çeklər çıxarıb. Bu çeklər onun bir çox şəxsi kommersiya alacaq və borc məsələsində istifadə edilib”.

O, çekləri Haluk Leventdən aldıqlarını bildirən bəzi şəxslərin sonradan telefon nömrəsini taparaq onunla əlaqə saxladıqlarını deyib. Küçüyün sözlərinə görə, çeklər ödənilmədikdə həmin şəxslər sənədlərin görüntülərini ona göndəriblər. Keçmiş xəzinədar isə bu çeklər haqqında məlumatının olmadığını bildirib.

“Çeklərin başqalarına paylandığını eşidəndə çox əsəbiləşdim”

Küçük çeklərin bankdan götürülərək müxtəlif şəxslərə verildiyini eşidəndən sonra Haluk Levent və çeklərdə indossant kimi adı keçdiyi bildirilən Yeliz Kaya ilə ciddi mübahisə etdiyini iddia edib:

“Bu çeklərin bankdan götürülərək başqa şəxslərə paylandığını eşidəndə çox əsəbiləşdim. Həm Haluk Leventlə, həm də çeklərdə cirosu olan Yeliz Kaya ilə çox ciddi mübahisələr etdim. Bu hadisəni düzgün hesab etmədiyim üçün belə reaksiya verdim”.

Küçük telefonunda çeklərin görüntülərinin aşkarlanmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi görüntüləri çekləri ala bilməyən şəxslər, digərlərini isə borclar ödənildikdən sonra Yeliz Kaya göndərmiş ola bilər.

O, çeklərin verildiyi tarixdə artıq AHBAP Dərnəyində çalışmadığını və çeklərin alacaq tərəfləri ilə birbaşa əlaqəsinin olmadığını vurğulayıb.

“Etiraz edə bilməyən şəxslərdən yeni idarə heyəti yaradıldı”

Küçük 2024-cü ilin mayına qədər fəaliyyət göstərən idarə heyətinin hər hansı qanunsuzluğa icazə verməyəcəyini müdafiə edib. O, istintaq materiallarında yer alan mümkün pozuntuların həmin tarixdən sonrakı dövrə aid olduğunu iddia edib.

Keçmiş xəzinədarın sözlərinə görə, təcrübəli şəxslər idarə heyətindən uzaqlaşdırıldıqdan sonra onların yerinə Haluk Leventə etiraz edə bilməyəcək AHBAP əməkdaşları gətirilib. Küçük bu dəyişiklikdən sonra dərnəkdən istifadə edilməklə müxtəlif çek, veksel və daşınmaz əmlak əməliyyatlarının həyata keçirildiyini, nəticədə bir çox insanın zərər çəkdiyini irəli sürüb.

Bunlar Hüseyn Küçüyün istintaqa verdiyi ifadədə yer alan iddialardır.

7 milyon dollarlıq razılaşma və ödənilməyən çeklər

Fatih Eke də ifadəsində Haluk Leventlə arasında baş tutduğu iddia olunan milyonlarla dollarlıq kommersiya razılaşmasından danışıb.

Eke 2023-cü ilin sonlarında reklam məqsədilə “Nigella Chain” adlı kriptovalyuta ekosistemi yaratdığını, Haluk Leventin isə bunu almaq istədiyini bildirib. Onun sözlərinə görə, satış 2025-ci ilin əvvəlində həyata keçirilib və layihənin adı sonradan “HLK” olaraq dəyişdirilib.

Eke tərəflərin ümumilikdə 7 milyon dollar qarşılığında razılığa gəldiklərini iddia edib. O bildirib ki, ödənişin təxminən 3 milyon dollarlıq hissəsi üçün ona çeklər verilib. Qalan 4 milyon dolların isə yalnız təxminən 1 milyon dolları nağd və bank köçürməsi yolu ilə ödənilib.

Ekenin iddiasına əsasən, ona verilmiş çeklərin hamısını nağdlaşdıra bilməyib. Çeklərin yalnız müəyyən hissəsi ödənilib, qalan borc isə bağlanmayıb.

“Çeklərdən ödənilməyən hissəni verdiyim şəxslər pulu məndən tələb etdilər. Buna görə çətin vəziyyətdə qaldım. Mənə kiçik məbləğlərdə pul göndərilirdi. Bu səbəbdən işlərim zərər gördü”, – deyə o ifadəsində bildirib.

Məktəb layihəsi üçün 1,5 milyon dollar çıxıldığı iddiası

Fatih Eke Haluk Leventin ondan Hatayın Samandağ rayonunda AHBAP Dərnəyi üçün məktəb tikməsini istədiyini də iddia edib. “Nigella Sörf Mərkəzi” adlandırılan layihəyə görə ümumi satış məbləğindən 1,5 milyon dollar çıxıldığı bildirilib.

Ekenin sözlərinə görə, pul razılaşmadan çıxılsa da, məktəb layihəsi yarımçıq qalıb. O, məktəbin tikilmədiyini əsas gətirərək pulunu tələb etdikdən sonra təxminən 250 min dollar ödəniş aldığını deyib.

Eke qalan borcdan imtina etməyə belə hazır olduğunu, yalnız ona verilmiş çeklərin ödənilməsini tələb etdiyini bildirib:

“Qalan pulu istəmirəm, yetər ki, mənə verdiyin çekləri ödə”, – deyə o, Haluk Leventə söylədiyini iddia edib.

Fatih Eke Haluk Leventlə münasibətlərinin yalnız kommersiya xarakterli olduğunu, AHBAP Dərnəyi ilə əlaqəsinin olmadığını və bu münasibət nəticəsində zərərçəkmiş tərəfə çevrildiyini deyib.

Sözügedən məlumatlar istintaq çərçivəsində şübhəli şəxslərin polisə verdikləri ifadələrə əsaslanır. İfadələrdə səsləndirilən iddialarla bağlı yekun hüquqi qiyməti məhkəmə verəcək. Lent.az