ABŞ və İran arasında Avropada sülh sazişinin imzalanması ərəfəsində Qərb kəşfiyyatının sensasion hesabatı üzbəüz çıxıb. Məlum olub ki, rəsmi Vaşinqton və Təl-Əvivin hərbi uğur bəyanatlarına rəğmən, Tehran tətbiq olunan 8 həftəlik rəsmi atəşkəs (pauza) dövründən maksimum yararlanaraq öz hərbi gücünü bərpa edə bilib.
NOCOMMENT.az ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, qərb kəşfiyyat strukturlarının son qiymətləndirmələrinə görə, İran müharibə nəticəsində itirdiyi raket və pilotsuz təyyarə arsenalının böyük hissəsini yenidən bərpa etməyə nail olub. Analitiklər rəsmi Tehranın hazırda müharibədən əvvəl sahib olduğu ümumi döyüş sursatının və raketlərinin azı dörddə üçünə (75%-nə) malik olduğunu və hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə qısa müddətdə bu istehsalı sürətlə maksimum həddə çatdıra biləcəyini müəyyən ediblər.
Ağ Evin hesabatı alt-üst oldu: Masada "təzə" Rusiya raketləri var.
Bu hesabat ABŞ Prezidenti Donald Trampın bir müddət əvvəl verdiyi "İranın nümayiş etdirdiyi hücum arsenalının cəmi 21-22%-i qalıb" bəyanatı və Pentaqon rəhbəri Pit Hegsetin "İranın hücum potensialını 90% çökdürmüşük" iddiaları ilə tamamilə ziddiyyət təşkil edir. Kəşfiyyat sənədlərində qeyd olunur ki, İranın bərpa etdiyi və yeni tədarük etdiyi arsenalın içərisində Rusiya istehsalı olan tamamilə yeni hərbi raketlər də yer alır. Sənədə əsasən, bu raketlər ötən il (2025-ci ildə) birbaşa Rusiyanın hərbi konveyerindən çıxıb. Raketlərin konkret hansı modifikasiyaya (ballistik və ya zenit) aid olduğu rəsmən açıqlanmasa da, bu fakt Moskva və Tehran arasında hərbi-texniki əməkdaşlığın böhran dövründə gizli şəkildə daha da pik həddə çatdığını sübut edir.
Kəşfiyyat məlumatlarına görə, ABŞ və İsrail ordusunun ilk bir ay ərzində həyata keçirdiyi kütləvi bombalamalar zamanı İranın bir çox ballistik raketləri və mobil buraxılış qurğuları yeraltı bunkerlərin girişlərinin dağılması nəticəsində sadəcə qırıntılar altında qalmışdı. Tehran rəhbərliyi 8 həftəlik atəşkəs müddətindən istifadə edərək həmin yeraltı anbarların girişlərindəki zaval və dağıntıları təmizləyib, gizli saxlanılan raketləri yenidən dövriyyəyə buraxıb və loqistika zəncirini bərpa edib.
Hərbi ekspertlər və "Bloomberg Economics" analitikləri vurğulayırlar ki, İranın strateji raket gücünü bu dərəcədə qısa müddətdə bərpa edə bilməsi rəsmi Vaşinqtonu böyük diplomatik dalana dirəyir. Çünki Tehranın əlində qalan bu böyük dağıdıcı atəş gücü ABŞ-ın İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlaması barədə qərar verməsini son dərəcə çətinləşdirir və masada İranın əlini gücləndirir.
Sara,
NOCOMMENT.az











