Ukrayna Krıma HÜCUM ETDİ - Ermənibazar darmadağın edilir

Ukrayna Krıma HÜCUM ETDİ - Ermənibazar darmadağın edilir

Ukrayna Silahlı Qüvvələrinin yeni yaradılmış növü olan Pilotsuz Sistemlər Qüvvələri (PSQ) iyunun 13-nə keçən gecə işğal altındakı Krım yarımadasında yerləşən ən strateji sənaye obyektlərindən birinə kütləvi və sarsıdıcı zərbələr endirib. Ermənibazar şəhərində fəaliyyət göstərən və hazırda rus hərbi-sənaye kompleksinə xidmət edən "Krım Titanı" (hazırkı adı ilə "Titan") kimya zavodu hədəf alınıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, uğurlu xüsusi hərbi əməliyyat barədə məlumatı Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") rəsmən təsdiqləyib. Komandan obyektiv nəzarət kadrlarına istinadən bildirib ki, Ukrayna döyüş pilotsuz təyyarələrinin səmada qeydə alınan "nəzakət ziyarəti" nəticəsində zavod ərazisində kütləvi dağıntılar və söndürülməsi qeyri-mümkün olan böyük yanğınlar başlayıb.

Yerli sosial şəbəkə qruplarının və xüsusilə işçilərin sızdırdığı pərdəarxası məlumatlara görə, gecə saatlarında zavod ərazisinə azı 23 birbaşa PUA zərbəsi ("prilet") qeydə alınıb. Partlayışlar nəticəsində müəssisənin demək olar ki, bütün əsas istehsalat sexləri ağır dərəcədə zədələnib və alova bürünüb. Hadisədən sonra nəhəng zavodun fəaliyyəti tamamilə dayandırılıb. Rusiya tərəfindən təyin edilmiş Ermənibazar şəhər administrasiyasının rəhbəri Vasili Telijenko da zavodda "qəza vəziyyətinin" yarandığını rəsmən etiraf edib, lakin detalları gizlətməyə çalışıb. Şəhər sakinləri isə havada kəskin kükürd qoxusu və qatı qara tüstünün yayıldığını, bəzi ərazilərdə su təchizatının kəsildiyini bildirirlər.

Qeyd edək ki, "Krım Titanı" Şərqi Avropanın ən böyük dioksid titan istehsalçısı hesab olunur. Krımın işğalından sonra Rusiyanın "Russkiy Titan" strukturuna tabe edilən bu zavod qlobal miqyasda hərbi təyinatlı mühüm loqistik mərkəz rolunu oynayırdı. Belə ki, müəssisədə Rusiya ordusunun raketləri üçün yanacaq, müxtəlif növ hərbi barıtlar və güclü partlayıcı maddələrin istehsalında istifadə olunan əsas baza kimyəvi xammalı hazırlanırdı. Bu səbəbdən zavodun sıradan çıxarılması Krımdakı rus hərbi qruplaşmasının təchizat zəncirinə ağır zərbə kimi qiymətləndirilir.