İrandan İsrail ərazisinə doğru endirilən raket zərbələrindən dərhal sonra rəsmi Tehran Təl-Əvivə qarşı hərbi əməliyyatların şərtlərini və növbəti addımlarını ehtiva edən kəskin bəyanat yayıb. İslam Respublikası hərbi gərginliyin dayandırılması üçün konkret tələblər irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın rəsmi "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, İran rəhbərliyi İsraildən Cənubi Livan bölgəsinə və paytaxt Beyrut ətrafındakı yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi kütləvi hava hücumlarını və hərbi əməliyyatları dərhal dayandırmağı tələb edir.
Tehran rəsmi Təl-Əvivi xəbərdar edərək bəyan edib ki, bu tələbə əməl olunmayacağı və Livan torpaqlarına zərbələrin davam etdiriləcəyi təqdirdə, İsrail tərəfi növbəti mərhələdə daha ağır, genişmiqyaslı və dağıdıcı raket zərbələrinə məruz qalacaq.
Regionda vəziyyətin kritik həddə çatması fonunda tərəflərin hərbi ritorikası kəskinləşməkdə davam edir.
Əli Səfərli












