Tehran hadisələri Moskvanın rolunu yenidən gündəmə gətirdi. Rusiya müttəfiqlərinə nə qədər dəstək verir?
Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda İran, Suriya və Venesueladan sonra Rusiyanın siyasi dəstəyinin real gücü ilə bağlı sualları yenidən gündəmə gətirən növbəti ölkəyə çevrilib.
ABŞ və İsrailin şənbə günü səhər saatlarında Tehrana endirdiyi zərbələr zamanı İranın yüksək səviyyəli diplomatı Moskva ilə əlaqə saxlayıb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, xarici işlər naziri Sergey Lavrov iranlı həmkarına başsağlığı verib və yalnız siyasi dəstək ifadə edib.
Moskvanın “çoxqütblü dünya” ritorikası və reallıq
Kreml Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı son illərdə özünü ABŞ hegemoniyasına alternativ olan “çoxqütblü dünya”nın əsas müdafiəçisi kimi təqdim edir. Lakin müşahidəçilərin fikrincə, müttəfiq ölkələr ciddi təhlükə ilə üzləşdiyi məqamlarda Moskvanın real addımları kifayət qədər məhdud qalır.
2024-cü ilin sonunda Suriyada prezident Bəşər Əsəd rejiminin zəifləməsi zamanı Rusiya dəstəyi hakimiyyətin qorunmasına zəmanət vermədi. Bu ilin əvvəlində ABŞ həbsxanasına düşən Venesuela prezidenti Nikolas Maduro ilə bağlı da analoji suallar ortaya çıxdı.
ABŞ Prezidenti Donald Tramp isə son hücum zamanı İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürüldüyünü açıqlayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, Moskvanın passiv reaksiyası Tehran üçün sürpriz sayılmamalıdır”
“Hələ ötən yay İsraillə 12 günlük müharibə və ABŞ-ın İran nüvə obyektlərinə hücumları zamanı Rusiya yalnız bəyanatlarla kifayətlənmişdi.
Rusiya və İran 2025-ci ilin aprelində strateji tərəfdaşlıq sazişi imzalasa da, sənəddə qarşılıqlı hərbi müdafiə öhdəliyi nəzərdə tutulmayıb. Yəni bu razılaşma hərbi ittifaq anlamına gəlmir. Beləliklə, İran Ukrayna müharibəsi dövründə Moskvaya pilotsuz uçuş aparatları və raketlər təqdim etsə də, Kreml Tehranın müharibəsinə qoşulmaq niyyətində deyil. Rusiyanın İrana hərbi dəstək verməməsi qlobal imicinə zərbə vurur.
Bununla yanaşı, Kreml vəziyyətdən siyasi dividendlər əldə etməyə də çalışa bilər. Moskva Qərbi və xüsusilə ABŞ-ı beynəlxalq normaları pozmaqda ittiham etməklə diqqəti Ukrayna müharibəsindən yayındırmağa çalışa bilər. Bu hadisələrin Rusiyanın Ukrayna ilə bağlı sərt mövqeyini daha da gücləndirəcəyi ehtimal olunur”.
Tunar
NOCOMMENT.az












