Keçmiş prezident əlavə 30 il həbs cəzasına məhkum edilib

Keçmiş prezident əlavə 30 il həbs cəzasına məhkum edilib

İyunun 12-də Seul məhkəməsi keçmiş prezident Yun Sok-yolu sərhəd gərginliyini artırmaq və 2024-cü ilin dekabrında hərbi vəziyyətin tətbiqi üçün bəhanə yaratmaq məqsədilə Şimali Koreyaya dron göndərilməsini təşkil etməkdə günahkar bilinərək 30 il həbs cəzasına məhkum edib.

NOCOMMENT.az xəbər verir ki, keçmiş dövlət başçısı düşmənə kömək göstərmək və səlahiyyətlərindən sui-istifadə etməkdə günahkar bilinib. Məhkəmə onun 2024-cü ilin oktyabr ayında Şimali Koreya ərazisinə dronların buraxılması əməliyyatına əmr verdiyini müəyyən edib.

Əməliyyatda iştirak etdiklərinə görə məhkəmə həmçinin keçmiş müdafiə naziri Kim Yonq Hyun və Müdafiə Nazirliyinin əks-kəşfiyyat agentliyinin keçmiş rəhbəri Yo İn Hyunu müvafiq olaraq 30 və 15 il müddətinə azadlıqdan məhrum edib. Pilotsuz uçuş aparatları əməliyyatları departamentinin keçmiş rəhbəri Kim Yonq Dae üç il həbs cəzası alıb.

Məhkəmənin qərarında deyilir: "Fövqəladə vəziyyət və hərbi vəziyyətin tətbiqi üçün şərait yaratmaq məqsədilə təqsirləndirilən şəxslər Şimali Koreyanı təhrik etmək üçün hərbi əməliyyat bəhanəsindən istifadə ediblər".

2026-cı ilin fevral ayında Yun Sok-yol hərbi vəziyyətin tətbiqi ilə əlaqədar üsyan təşkil etməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib./Musavat.com/