Rusiya paytaxtında Ukrayna tərəfindən artan dron hücumlarının qarşısını almaq məqsədilə hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi davam etdirilir. Bu çərçivədə Moskvada mülki obyektlərin və strateji binaların damında ən yeni zenit-raket komplekslərinin yerləşdirilməsinə başlanılıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə Rusiyanın nəhəng "Mi-26" hərbi-nəqliyyat helikopterinin köməyi ilə Moskvadakı 42 mərtəbəli "Nordstar Tower" biznes mərkəzinin damına yeni HHM sistemini endirməsini əks etdirən videogörüntülər yayılıb. Sözügedən bina "Rosneft" şirkəti ilə yaxın əlaqələrə malikdir və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin (GRU) obyektlərinin yaxınlığında yerləşir.
Hərbi analitik Massimo Frantarelli tərəfindən paylaşılan və həm Rusiya, həm də Ukrayna hərbi bloqerləri tərəfindən yayılan kadrlardan məlum olur ki, binanın damında quraşdırılan silah "Pantsir-SMD-E" zenit-raket kompleksidir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu modifikasiyanın əsas mühəndis xüsusiyyəti kütləvi PUA hücumlarına qarşı raket sursatlarının sayını kəskin artırmaq məqsədilə 30 mm-lik avtomat toplardan tamamilə imtina edilməsidir. Yeni kompleks yalnız yaxın və orta mənzilli raketlərlə təchiz olunub.
Sistem iki növ raketdən istifadə edir:
* Hədəfləri 20 kilometrədək məsafədə vurmağa qadir olan standart "95Y6" raketləri;
* Kiçik ölçülü və kamikadze dronlarla mübarizə üçün nəzərdə tutulan, 7 kilometrədək məsafəli kiçikölçülü "TKB-1055" ("Qvozd") raketləri.
Yeni modifikasiyalı döyüş modulu bütövlükdə 48 ədədədək raket tutumuna malikdir ki, bu da paytaxt səmasını dron silsilələrindən qorumaq funksiyasını daşıyır. Qeyd edək ki, Moskvanın yaşayış məntəqələrinin ortasında və mülki binaların damlarında analoji hərbi texnikaların yerləşdirilməsi son illərdə zirehli müdafiə xəttinin qurulması çərçivəsində intensiv xarakter alıb.












