Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin dərinliklərindəki strateji hədəfləri və hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarmaq üçün tamamilə yeni və effektiv hərbi taktikaya əl atıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Business Insider" nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna hərbi birləşmələri uzaqmənzilli zərbə dronlarını idarəolunmayan raketlərlə təchiz etməyə başlayıb. Ukrayna Pilotsuz Sistemlər Qüvvələrindən verilən məlumata görə, sabit qanadlı xüsusi dronların hər biri göyərtəsində 8-ə qədər raket daşıya bilir. Bu raketlər PUA-nın qanadlarının altından sürətli ardıcıllıqla buraxılır və qurudakı hədəfləri darmadağın etmək üçün istifadə olunur.
Hərbi mənbələr bildirir ki, bu tip raketdaşıyan dronların iştirakı ilə artıq azı bir uğurlu əməliyyat həyata keçirilib. Belə ki, sözügedən PUA-lar vasitəsilə Rusiyanın Krımdakı Qara Dəniz Donanmasının hərbi-dəniz bazasına ağır zərbələr endirilib. Bundan əlavə, Rusiyanın daxili xətlərində yerləşən HHM sistemlərinin və radar qurğularının da bu metodla hədəf alındığı təsdiqlənib.
Pilotsuz Sistemlər Qüvvələrindən o da bildirilib ki, raketlə təchiz edilmiş bu yeni nəsil dronlar daxili xətlərdə 500 kilometrə qədər dərinlikdə sərbəst şəkildə fəaliyyət göstərmək imkanına malikdir. Bu isə təxminən Ukrayna sərhədindən Rusiyanın paytaxtı Moskva şəhərinə qədər olan məsafəyə bərabərdir.
Sara,












