Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdə ABŞ-la aparılan danışıqlar barədə açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi üzrə ABŞ-la konstruktiv ikitərəfli danışıqlar aparır. Onun sözlərinə görə, bu proses region üçün mühüm və məzmunlu dəyişikliklər vəd edir, lakin burada Ermənistan–Rusiya münasibətlərinə aid bir sıra həssas məqamlar mövcuddur.
“Hazırda TRIPP yolunun icrasına və tikintisinə başlanması ilə bağlı ABŞ-la çox konstruktiv danışıqlarımız gedir. Bu, regionumuz üçün həqiqətən böyük dəyişikliklər deməkdir. Eyni zamanda, Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizə dair bir çox nüanslar var. Düşünürəm ki, bu gün bütün bunları müzakirə etmək üçün yaxşı fürsətdir”, – deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin olunmasına və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Sözügedən layihə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırılıb.












