Paşinyan onları məhkəməyə verdi

Paşinyan onları məhkəməyə verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün rəhbərlik etdiyi "Mülki müqavilə" partiyasının sabiq deputatı Sofiya Ovsepyan və "Maarifçi Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan barəsində məhkəməyə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, "Datalex" portalında yer alan məlumatlara görə, Baş nazirin bu addımı hər iki şəxsin ona qarşı səsləndirdiyi ittihamlar və təhqiramiz ifadələrlə bağlıdır.

Nikol Paşinyan Sofiya Ovsepyandan ona qarşı işlətdiyi təhqiramiz ifadələrə görə ictimai şəkildə üzr istəməsini, həmçinin parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı irəli sürdüyü ittihamları təkzib etməsini tələb edir. Baş nazir təhqirlərə görə təzminat qismində 2 milyon dram (təxminən 5,4 min dollar), böhtan xarakterli çıxışlarına görə isə 4 milyon dram (təxminən 10,8 min dollar) tələb edib.

Edmon Marukyana qarşı qaldırılan iddiada isə tələblər hələlik tam açıqlanmayıb. Məhkəmə sənədində yalnız iddianın əsası kimi Marukyanın öz teleqram kanalında paylaşdığı video, habelə seçkilərdən dərhal sonra etdiyi çıxışlar göstərilib. Baş nazirin bu hüquqi addımı siyasi opponentləri ilə arasında olan gərginliyin yeni və daha kəskin mərhələyə keçdiyini nümayiş etdirir.

Əli Səfərli,
NOCOMMENT.az