Qaluzin: Ermənistanla AES-in tikintisi mövzusu mütəmadi müzakirə olunur

Qaluzin: Ermənistanla AES-in tikintisi mövzusu mütəmadi müzakirə olunur

“Ermənistanla atom elektrik stansiyasının (AES) tikintisi mövzusu müxtəlif səviyyələrdə mütəmadi şəkildə müzakirə edilir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, AES layihəsi Rusiya–Ermənistan münasibətlərinin gündəliyində mühüm yer tutur və bu məsələ daim aktual olaraq saxlanılır. Qaluzin qeyd edib ki, Rusiya tərəfi layihənin həyata keçirilməsində ciddi maraqlıdır və bu istiqamətdə praktiki addımlar atmağa hazırdır.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Rosatom Ermənistan tərəfinin istək və tələbləri nəzərə alınmaqla, layihənin icrasına ən qısa müddətdə başlamağa hazırdır. Onun fikrincə, hazırda mövcud olan texnologiyaların etibarlılığı, artıq sınaqdan çıxması və maliyyə parametrlərinin cəlbediciliyi baxımından real alternativlər görünmür.

Qaluzin əlavə edib ki, söhbət təkcə AES-in tikintisindən getmir, eyni zamanda onun sonrakı istismarı, mütəxəssislərin hazırlanması və yenidən hazırlıq prosesləri də bu əməkdaşlığın vacib tərkib hissəsidir. Məhz bu amillər Rusiya tərəfinin təklifini daha üstün və praktiki baxımdan məqsədəuyğun edir.

Rusiya rəsmisi hesab edir ki, bu layihə Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya və iki ölkə arasında strateji əməkdaşlığı daha da dərinləşdirə bilər.

Sara