Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, Rusiya isə cavab olaraq 103 Kanada vətəndaşını qara siyahıya salıb.
NOCOMMENT.az xəbər verir ki, Kanada hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb. Yeni məhdudiyyətlər çərçivəsində 7 nəfər və 34 təşkilat sanksiya siyahısına daxil edilib. Bundan başqa, bəzi Rusiya bankları, birjaları və Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən 120 gəmi də sanksiyalara məruz qalıb.
Kanadanın qərarı Qırğızıstan, BƏƏ, Vyetnam və Yeni Zelandiyada fəaliyyət göstərən altı şirkəti də əhatə edib.
Moskva isə cavab addımı olaraq 103 Kanada vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, siyahıya Kanada Senatının və İcmalar Palatasının üzvləri, nazirlər, parlament katibləri, ictimai xadimlər və ölkənin milli müdafiə qərargahının rəisi daxil edilib.
Rusiya tərəfi bildirib ki, Ottavanın anti-Rusiya siyasəti davam etdikcə cavab tədbirləri də davam edəcək. Musavat.com











