Rusiya Federasiyası rəhbərliyi Ermənistanın Qərblə yaxınlaşma kursuna qarşı rəsmi İrəvana növbəti kəskin və açıq xəbərdarlığını ünvanlayıb. Moskva Avropa İttifaqının (Aİ) artıq iqtisadi platforma çərçivəsindən çıxaraq hərbi-siyasi müstəviyə keçdiyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bildirib.
A.Overçuk Rusiya və Ermənistan arasındakı müttəfiqlik münasibətləri fonunda İrəvanın Aİ ilə əlaqələrini genişləndirmək cəhdlərinə toxunaraq Moskvanın ciddi narahatlığını dilə gətirib: "Bu gün Avropa İttifaqı faktiki olaraq artıq hərbi-siyasi birliyə transformasiya olunub. Bu elə bir ittifaqdır ki, bizim ölkəmizə qarşı düşmənçilik mövqeyində olduğunu açıq şəkildə bəyan edir".
Baş nazirin müavini Rusiyanın bu təhlükəli tendensiyanı diqqətdə saxladığını və erməni tərəfini addımlarına yenidən baxmağa çağırdığını vurğulayıb: "Əlbəttə ki, biz bu məqama erməni həmkarlarımızın, dostlarımızın və müttəfiqlərimizin diqqətini cəlb etmişik və cəlb etməkdə də davam edirik. İstəyirik ki, onlar nə etdikləri barədə dərindən düşünsünlər".
Əli Səfərli,
NOCOMMENT.az











