SENSASİON iddia: “Növbəti hədəf Putindir”

SENSASİON iddia: “Növbəti hədəf Putindir”

Rusiyalı ideoloq və “Rus dünyası” konsepsiyasının əsas simalarından biri kimi tanınan Alexander Duqin növbəti hədəfin Rusiya ola biləcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, Rusiyanın müttəfiqləri “bir-bir sistematik şəkildə məhv edilir” və bu prosesin davamı olaraq növbəti hədəfin Moskva ola biləcəyi istisna deyil.

Duqinin sözlərinə görə, əgər Rusiyada “əsl vətənpərvərlik islahatları” dərhal başlanmasa, vəziyyət gözlənilməz istiqamət ala bilər. O qeyd edib ki, ölkədə hər şeyin normal və sabit olduğu görüntüsünü yaratmaq strategiyası artıq özünü tükəndirib. “Növbəti bizik” deyə vurğulayan Duqin hesab edir ki, hazırkı geosiyasi qarşıdurma mərhələsində Rusiya daha sərt və sistemli mövqe nümayiş etdirməlidir.

İdeoloq proseslərin gedişatını İranla da əlaqələndirib. Onun fikrincə, İranda vəziyyətin hansı istiqamətdə inkişaf etməsi əsasən İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) davamlılığından asılıdır. Duqin bildirib ki, əgər İran davam gətirərsə, proseslər əks istiqamətdə inkişaf edə bilər, əks halda isə növbəti təzyiq dalğası Rusiyaya yönələ bilər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin öldürülməsi ilə bağlı xəbərlərə münasibət bildirərək bunu “beynəlxalq hüququ pozan qətl” kimi qiymətləndirib. Kremlin bu mövqeyi Moskvanın regiondakı proseslərə prinsipial yanaşdığını göstərir.

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Vasif Həsənli hesab edir ki, Duqinin açıqlamaları daha çox ideoloji və psixoloji səfərbərlik xarakteri daşıyır.

Vasif Həsənli

Onun sözlərinə görə, Rusiya daxilində müəyyən çevrələr mövcud geosiyasi prosesləri qlobal qarşıdurmanın yeni mərhələsi kimi təqdim edərək cəmiyyətdə konsolidasiya yaratmağa çalışırlar.

Ekspert bildirir ki, “növbəti Putin ola bilər” kimi tezislər birbaşa real hərbi planın göstəricisi olmaqdan daha çox siyasi mesaj funksiyası daşıyır:

“Hazırda beynəlxalq sistemdə kəskin qütbləşmə müşahidə olunur və böyük güclər arasında qarşılıqlı ittihamlar artmaqdadır. Rusiyanın Qərblə münasibətləri onsuz da gərgindir və Moskva öz təhlükəsizlik konsepsiyasını sərtləşdirmək istiqamətində addımlar ata bilər. Bununla belə, birbaşa liderlərin hədəfə alınması ilə bağlı ritorika daha çox informasiya müharibəsinin elementidir”.

Şərhçi əlavə edib ki, İran ətrafında baş verən hadisələr Rusiya üçün həm risk, həm də imkanlar yaradır:

“Əgər regionda qüvvələr balansı kəskin şəkildə dəyişərsə, Moskva öz strateji mövqelərini yenidən nəzərdən keçirməli olacaq. Bu baxımdan Duqinin çıxışı Kremlin daxilindəki daha sərt xətt tərəfdarlarının mövqeyini əks etdirə bilər”.