İsrail rəhbərliyi, Qəzzada qüvvədə olan atəşkəs rejiminə və aparılan diplomatik danışıqlara baxmayaraq, 7 oktyabr 2023-cü il hücumlarında iştirak etmiş şəxslərin izlənilməsi və ləğv edilməsi üçün genişmiqyaslı gizli kampaniyanı davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Təl-Əviv bu xüsusi əməliyyatları idarə etmək üçün "NILI" (ivrit dilindən tərcümədə "İsrailin Əbədiliyi Yalan Danışmaz" ifadəsinin abbreviaturası) adlı xüsusi və gizli struktur yaradıb. Bu bölmə şübhəlilərin yerini müəyyənləşdirmək üçün üzün tanınması (facial recognition) texnologiyalarından, telefon danışıqlarının peyk vasitəsilə ələ keçirilməsindən, hücum gününə aid minlərlə videoarxivdən və geniş agentura şəbəkəsindən istifadə edir.
Məlumata görə, gizli qrupun hədəfində təkcə HƏMAS-ın yüksək rütbəli komandirləri deyil, həm də 7 oktyabr tarixində İsrail sərhədini keçərək qətliamlarda, talanlarda və girovların götürülməsində iştirak etmiş ən aşağı rütbəli döyüşçülər, hətta sərhəd fəsiləsini traktorla dağıdan mülki şəxslər belə yer alır. Hər hansı bir şəxsin hücumda iştirakına dair iki və ya daha çox təkzibedilməz sübut tapıldıqda, həmin şəxs məhkəməsiz dərhal ölüm hədəfinə çevrilir.
"NILI"nin siyahısında minlərlə şəxsin adının olduğu və hazırda qüvvədə olan atəşkəsə rəğmən, adların bir-bir silinməsi (şəxslərin zərərsizləşdirilməsi) prosesinin getdiyi bildirilir. WSJ vurğulayır ki, bu intiqam əməliyyatları təkcə Qəzza zolağı ilə məhdudlaşmır, həm də Fələstin sərhədlərindən çox-çoh kənarda — Livan, İran və digər regional ölkələrdə də gizli şəkildə həyata keçirilir.
Sara,
NOCOMMENT.az












