Sükutun diplomatik silləsi: Vatikanın cavabsız qalan erməni xahişi

Sükutun diplomatik silləsi: Vatikanın cavabsız qalan erməni xahişi

Erməni kilsəsi, revanşist müxalifət və diaspor üçbucağı Qarabağda törətdikləri hərbi cinayətlərə və terror aktlarına görə Bakıda layiqli cəzasını çəkən caniləri xilas etmək üçün beynəlxalq müstəvidə son çırpıntılarından birini yaşayır. Bu çırpıntıların növbəti ünvanı kimi Vatikanın seçilməsi və Kilikiya evinin katalikosu I Aramın başda olduğu nümayəndə heyətinin Papanın sağ əli, Vatikanın baş naziri kardinal Parolin ilə görüşü erməni tərəfinin növbəti diplomatik fiaskosu ilə nəticələndi. Rəsmi Bakının iradəsi və hüquqi arqumentləri qarşısında aciz qalan erməni tərəfinin beynəlxalq nüfuzlu dairələrdə hərbi canilərin azad olunması və "Qarabağa qayıdış" mifini gündəmə gətirmək cəhdləri bu dəfə Vatikanda divara dirəndi və kardinal Parolinin mövzunu cavabsız qoyaraq sükutla qarşılaması əslində İrəvana və kilsə xadimlərinə verilən açıq diplomatik mesaj idi.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Hacı Əliyev qeyd edib ki, erməni kilsəsi və diasporunun Vatikandan gözləntiləri növbəti dəfə boşa çıxdı, çünki Bakının apardığı ədalətli siyasəti dünya artıq qəbul edir: "Erməni dini və siyasi elitası uzun illərdir ki, xristian təəssübkeşliyindən manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışır. Lakin Vatikan kimi qlobal mənəvi və siyasi çəkisi olan bir mərkəz yaxşı anlayır ki, Bakıda həbsdə olan şəxslər siyasi məhbuslar deyil, konkret terror və işğal cinayətlərinə görə mühakimə olunan canilərdir. Kardinal Parolinin I Aramın bu absurd xahişini sükutla keçişdirməsi Azərbaycanın hüquqi statusuna və suverenliyinə hörmətin, erməni yalanlarından isə bezməyin bariz nümunəsidir".

Onun sözlərinə görə, erməni kilsəsi və revanşist qüvvələr bu kampaniyanı genişləndirməklə həm daxili auditoriyaya, həm də iflas edən diaspora süni nəfəs vermək məqsədi güdürlər: "İrəvandakı revanşist müxalifət və kilsə qüvvələri kapitulyasiyadan sonra itirdikləri ictimai rəyi bu terrorçuların taleyi üzərindən manipulyasiya edərək geri qaytarmağa çalışırlar. Onlar beynəlxalq miqyasda qurban obrazı yaradıb Bakıya təzyiq rıçaqları axtarırlar, lakin unudurlar ki, dövlətimizin milli təhlükəsizlik və ədalət məsələlərində nümayiş etdirdiyi qətiyyət hər hansı xarici basqı ilə sarsıla bilməz. Heç bir kilsə kampaniyası və ya diaspor layihəsi Azərbaycan dövlətinin suveren qərarlarına təsir etmək gücündə deyil".

Şərhçi qeyd edib ki, rəsmi Bakının diktə etdiyi yeni reallıq fonunda xarici güclərin erməni terrorçuları müdafiə etmək üçün irəli çıxması sadəcə öz nüfuzlarını zərbə altında qoymaq demək olardı: "Azərbaycan beynəlxalq hüququn bütün tələblərinə tam riayət edib və Bakıdakı məhkəmə prosesləri şəffaf şəkildə həyata keçirilib.

Beynəlxalq birlik, o cümlədən Vatikan da yaxşı bilir ki, terrorçularla bağlı hər hansı bir güzəşt Bakının gündəmində deyil və ola da bilməz. Təzyiqlərlə Azərbaycanı yolundan döndərməyə çalışmaq xəyaldan başqa bir şey deyil, ona görə də diplomatik masalarda erməni nümayəndələrini artıq ciddi tərəfdaş kimi qəbul edib dinləyən yoxdur".