TƏCİLİ! ABŞ–İran qarşıdurması yeni mərhələyə keçir – Dəhşətli SSENARİ

TƏCİLİ! ABŞ–İran qarşıdurması yeni mərhələyə keçir – Dəhşətli SSENARİ

Son dövrlər ABŞ–İran münasibətlərində gərginliyin azalacağına dair gözləntilər artsa da, Omanda keçirilən son danışıqlar bu ümidləri doğrultmadı. ABŞ Prezidenti Donald Trampın böyük siyasi hesablamalarına baxmayaraq, tərəflər arasında nə nüvə proqramı, nə də ballistik raketlərin məhdudlaşdırılması ilə bağlı hər hansı real razılaşma əldə olundu. Danışıqların nəticəsiz başa çatması bir daha göstərdi ki, Vaşinqtonun ultimativ tələbləri ilə Tehranın mövqeyi arasında ciddi uçurum mövcuddur və bu fərqlərin qısa müddətdə aradan qalxması real görünmür.

Mövcud vəziyyət həm ABŞ, həm də İran tərəfinin danışıqlara daha çox taktiki maraqlarla yanaşdığını ortaya qoyur. İran rəhbərliyi Tramp administrasiyasının gələcək addımlarını ölçüb-biçmək, daxili siyasi balansı qorumaq və islahatçı düşərgəyə qarşı mövqelərini gücləndirmək üçün vaxt qazanmağa çalışır. ABŞ isə ənənəvi olaraq təzyiq siyasətini davam etdirərək Tehrana maksimum basqı göstərmək xəttini seçir. Bu fonda regionda və qlobal siyasətdə risklər daha da artır.

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Zeynal Fətulla qeyd edib ki ABŞ–İran danışıqlarının nəticəsiz qalması göstərir ki, tərəflər hələlik kompromisə hazır deyillər:

“Trampın irəli sürdüyü ultimativ tələblərin İran tərəfindən qəbul ediləcəyini düşünmək sadəlövhlük olar. Tehranın hazırkı siyasi və ideoloji xətti buna imkan vermir.

Trampın davranışları onun klassik taktikasına uyğundur. O, bilərəkdən qeyri-proqnozlaşdırılan addımlar atır ki, qarşı tərəf daim qeyri-müəyyənlik içində qalsın. Bu dəfə isə birbaşa İranın ali dini rəhbərliyini hədəfə alma ehtimalı çox yüksəkdir. İran rəhbərliyi də bu riskləri anlayır və buna görə də ABŞ-yə qarşı güc nümayiş etdirməyə çalışır. Hazırda Tehran faktiki olaraq ekzistensial seçim qarşısındadır. Ya kompromis yolunu seçməlidir, ya da ciddi beynəlxalq təzyiqlərlə üzləşəcək.”

Onun fikrincə Dünya yeni geostrateji mərhələyə daxil olur və bu mərhələdə qarşıdurmalar daha sərt xarakter alacaq:

“Əgər İran rəhbərliyi hesab edirsə ki, çoxqütblü dünyanın formalaşması fonunda ABŞ ilə açıq qarşıdurmaya girmək mümkündür, bu, ciddi yanlış hesablamadır. Çünki birqütblü dünyanın lideri hələ də əsas güc mərkəzi olaraq qalır. Hazırkı vəziyyət göstərir ki, ABŞ–İran münasibətlərində yaxın perspektivdə yumşalma gözlənilmir. Əksinə, danışıqların nəticəsiz qalması qarşıdurma risklərini daha da artırır və regionu yeni siyasi sarsıntılarla üz-üzə qoya bilər”.

Tunar
NOCOMMENT.az