Vaşinqton administrasiyası beynəlxalq arenada böyük səs-küyə və diplomatik müzakirələrə səbəb olacaq rəsmi bəyanat və foto paylaşıb. Ağ Ev ABŞ Prezidenti Donald Trampın xarici siyasətdə "zərərsizləşdirdiyi" əsas rəqiblərinin adlarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Ağ Evin rəsmi resurslarında Kuba, Venesuela və İran liderlərinin yer aldığı xüsusi bir fotoşəkil yayımlanıb.
Sözügedən şəkildə Kubanın keçmiş lideri Raul Kastro, Venesuela Prezidenti Nikolas Maduro və İranın ali rəhbəri Ayətullah Əli Xamenei əks olunub. Ağ Ev administrasiyası fotoşəkilə kəskin status əlavə edərək, onu “Tramp tərəfindən zərərsizləşdirilən Amerikanın düşmənləri” başlığı ilə təqdim edib.
Bununla belə, rəsmi nəşrdə hüquqi məqamlara dair kiçik bir dəqiqləşdirmə də yer alıb. Belə ki, mətndə Kuba lideri Raul Kastroya qarşı hazırda yalnız rəsmi ittihamların irəli sürüldüyü və prosesin hüquqi müstəvidə davam etdiyi xüsusi olaraq qeyd edilib.
Siyasi ekspertlər Vaşinqtonun bu addımını Tramp administrasiyasının xarici siyasətdəki təzyiq rıçaqlarını nümayiş etdirmək və sözügedən ölkələrə qarşı hərbi-siyasi blokadanı daha da sərtləşdirmək mesajı kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az












