Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, fərmana daxil olan dəyişikliklərdə deyilir ki, dövlət büdcəsi hesabına güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikalarının ölkədən kənara çıxarılmasına ciddi məhdudiyyət qoyulur. Yeni qaydaya əsasən, fermerlərə 60 faizdən çox olmamaqla, tətbiq edilən güzəşt faizləri və ya maksimum güzəşt məbləğləri ilə verilən kənd təsərrüfatı texnikalarının maliyyələşdirildiyi tarixdən etibarən 5 (beş) il müddətində ölkədən ixrac edilməsinə yol verilməyəcək.
Dövlət dəstəyi ilə alınan texnikaların qanunsuz yollarla xaricə satılmasının qarşısını almaq məqsədilə fərmanda xüsusi nəzarət mexanizmi də əksini tapıb. Belə ki, güzəştli şərtlərlə satılan və ya lizinqə verilən həmin texnikalar barədə bütün zəruri məlumatlar real vaxt rejimində (online) “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək və gömrük sərhədində dərhal bloklanacaq.












