ABŞ Prezidenti Donald Trampın İsrailin Qərb Sahilini ilhaq etməsinə qarşı olduğu bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Ağ Ev rəsmisinin sözlərinə görə, Qərb Sahilində sabitliyin qorunması İsrailin təhlükəsizliyini təmin edir və ABŞ administrasiyasının regionda sülhə nail olmaq məqsədlərinə uyğundur.
“Qərb Sahilində sabitlik İsrailin təhlükəsizliyini təmin edir və regionda sülhün əldə olunmasına xidmət edir”, – deyə rəsmi bildirib.
Xatırladaq ki, daha əvvəl səkkiz ərəb və müsəlman ölkəsi İsrailin Qərb Sahilində atdığı yeni addımları birgə bəyanatla pisləyib. Onlar bu addımların faktiki olaraq sürətləndirilmiş ilhaqa və fələstinlilərin sıxışdırılmasına bərabər olduğunu qeyd ediblər.
Məlumata görə, İsrailin qərarlarına torpaq siyasətində dəyişikliklər, tikinti planlaşdırılmasına nəzarətin genişləndirilməsi və inzibati səlahiyyətlərin artırılması daxildir. Bununla yanaşı, adıçəkilən ölkələr mövcud sülh sazişlərinin ləğvi ilə birbaşa hədələməsələr də, Birləşmiş Ərəb Əmirlikləri bu addımların “İbrahim Razılaşmaları”na zərər vura biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi Tel-Əviv hələlik geniş açıqlama verməyib.
Aliyə












