Beynəlxalq vasitəçilər ABŞ və İran arasında nüvə danışıqlarında yaranmış uzunmüddətli çıxılmaz vəziyyətdən çıxış yolu axtarmağa çalışırlar. Bu dəfə diqqət mərkəzində Tehranın nüvə ehtiyatlarına nəzarət məsələsi dayanıb. Fransanın nüfuzlu "Intelligence Online" nəşrinin yaydığı məlumata görə, Yelisey sarayı İranın topladığı zənginləşdirilmiş uranı öz ərazisində saxlamaqla bağlı rəsmi təşəbbüslə çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ və İsrail kəşfiyyatının məlumatlarına görə, hazırda Tehranın əlində 60 faiz zənginləşdirilmiş 440 kiloqram, həmçinin 20 faiz zənginləşdirilmiş 1,5 ton uran mövcuddur. Bu səbəbdən həmin ehtiyatların yenidən emalı regionun təhlükəsizliyi üçün həlledici rol oynayır. Paris bu təklifi hazırlayarkən 2015-ci ilin təcrübəsini rəhbər tutub – belə ki, həmin dövrdə nüvə sazişi (JCPOA) çərçivəsində İranın nüvə yanacağının bir hissəsi Rusiyaya çıxarılmışdı. Lakin Fransanın bu təşəbbüsü Vaşinqtonun sərt mövqeyi ucbatından uğursuzluğa düçar olub.
ABŞ Prezidenti Donald Tramp məsələ üzərində təkbaşına nəzarəti saxlamaq istədiyi üçün Fransanın planını bloklayıb. "Intelligence Online" vurğulayır ki, danışıqlarda iştirak edən tərəflər Ağ Evin son niyyətini anlamaqda çətinlik çəkirlər. Çünki Amerika lideri eyni zamanda uran ehtiyatlarının MAQATE-nin nəzarəti altında azaldılmasını nəzərdə tutan hər hansı bir kompromis ssenariyə də qarşı çıxır.
Diqqətçəkən məqam budur ki, Fransa tərəfi Vaşinqtonla əlaqə saxlamazdan əvvəl İsraillə ilkin müzakirələr aparıb və rəsmi Təl-Əviv Parisin bu ideyasına kifayət qədər müsbət yanaşıb. İsrailin güc strukturları beynəlxalq vasitəçiliyə açıq olduqlarını nümayiş etdirirlər. Hətta aprelin ortalarında Moskvadan gələn bənzər bir təklif də İvrit dövləti tərəfindən geniş müzakirə olunub. Çünki İsrail rəhbərliyi Ağ Evlə Tehranın bu dərəcədə mühüm danışıqlarda təkbətək qalmasını istəmir.
Sara
NOCOMMENT.az












