Tramp son sözünü dedi, keçmiş müttəfiqlər üz- üzə gəldi – Böhran dərinləşir!

Tramp son sözünü dedi, keçmiş müttəfiqlər üz- üzə gəldi – Böhran dərinləşir!

ABŞ Prezidenti Donald Tramp Davosda bir saatdan çox davam edən çıxışında deyib ki, ABŞ-nin istədiyi tək şey Qrenlandiyadır və bunun üçün güc tətbiq etməyəcəklər:

“İkinci Dünya müharibəsində almanları, italyanları və digərlərini məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik. ABŞ, Rusiya və Çinin düz mərkəzində yerləşir. Biz oranı geri qaytaranda bu qədər əhəmiyyətli deyildi. Strateji maraqlar, milli təhlükəsizlik və beynəlxalq təhlükəsizlik səbəbindən ona ehtiyacımız var”, – Tramp deyib.

“New York Times”ın məlumatına görə isə Danimarkanın ABŞ-yə Qrenlandiyada müəyyən ərazilər üzərində hərbi bazalar yerləşdirməsi üçün suverenlik verə biləcəyi kompromis variant müzakirə olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində maraqlarını açıq şəkildə ifadə edərək bölgəyə dair strategiyasını gücləndirib:

“Tramp ABŞ ordusuna Qrenlandiyanın ilhaqı ilə bağlı mümkün hərbi ssenarilər hazırlamağı tapşırıb. ABŞ ordusundakı generallar isə Trampın Qrenlandiya ilə bağlı təşəbbüsünü qeyri-qanuni hesab edirlər.

Qrenlandiya və NATO-nun belə bir addıma qarşı çıxması və bunun NATO-nu təhlükə altına qoya biləcəyi ilə bağlı suala cavabında Tramp bir qədər də iddialı şəkildə bildirib ki, o, prezident olmasaydı, NATO mövcud olmazdı. NATO-nun ABŞ-yə daha çox ehtiyacı var. Pentaqondakı bir sıra vəzifəli şəxslər də Trampı daha az radikal variantlara yönəltməyə çalışır. ABŞ-nin Qrenlandiya üzərindəki iddiaları NATO daxilində strateji balansa təsir edəcək.

Tramp bu hərəkəti ilə ABŞ siyasi elitasının böyük bir təbəqəsinin maraqlarını ifadə edir. Ona görə Qrenlandiya məsələsi təkcə Trampın istəkləri deyil, ABŞ-nin hakim siyasi qruplarının marağında olan bir məsələdir. Digər tərəfdən, iri biznes nümayəndələri də eyni mövqedə dayanırlar”.

Politoloq deyib ki, Qrenlandiyada kifayət qədər çox təbii minerallar və təbii sərvətlər var:

“Bu sərvətlərin istifadəsi ilə bağlı müxtəlif planlar mövcuddur. Bu kontekstdə Qrenlandiya məsələsi yalnız Trampın maraq dairəsində deyil. Ona görə Avropa İttifaqının üzvlərindən ibarət olan NATO ölkələri də mövcud gedişatdan narazı və narahatdırlar. Tramp bu və ya digər şəkildə əlavə addımlar atarsa və Qrenlandiyanı ələ keçirərsə, bu, əslində NATO daxilində bir böhran olacaq.

Bu böhranı aradan qaldırmaq isə çox çətin mərhələ vəd edir. Əgər Danimarka Trampın verdiyi siyasi ultimatumu qəbul edərsə, böhrandan çıxmaq mümkün ola bilər. NATO rəhbərləri heç bir böhranın olmadığını göstərməyə çalışsalar da, reallıqda artıq ciddi böhran mövcuddur və getdikcə dərinləşir. Bu fonda mövcud böhranın hansı xəttə qədər gedəcəyi gələcək hadisələrdən asılı olacaq. Əgər Tramp Qrenlandiyanı ələ keçirərsə, bu halda xüsusilə Danimarka ABŞ-yə müharibə elan etməlidir.

Təcrübə göstərir ki, hətta çıxılmaz vəziyyətlərdən belə çıxmaq mümkündür. Burada yalnız siyasi iradə olmalıdır. Əgər Danimarka Trampın verdiyi siyasi ultimatumu qəbul edərsə, bu halda böhrandan çıxmaq mümkün olacaq. Lakin görünən odur ki, Danimarka bu ultimatumu qəbul etmək istəmir. Məsələni yalnız ABŞ-ın Qrenlandiyada hərbi imkanlarını artırmaq istiqamətində yoluna qoymaq istəyir”, – politoloq deyib.

Atilla Rzasoy