Türkiyədə onlarla turist hoteldə zəhərləndi

Türkiyədə onlarla turist hoteldə zəhərləndi

Türkiyənin Bodrum şəhərində hotellərdən birində qidadan zəhərlənən 25 turist xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli “Kent TV” telekanalı məlumat yayıb.

Hadisənin Bodrumun Ortakent bölgəsində yerləşən hotellərin birində qeydə alındığı bildirilir. Turistlər ürəkbulanma, qusma və mədə ağrıları kimi qida zəhərlənməsi simptomları ilə xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin bir hissəsi tibb müəssisəsinə öz gücü ilə müraciət edib, digərlərini isə otel rəhbərliyi müşayiət edib.

Həkimlərin müayinəsindən sonra turistlərin həyatı üçün heç bir təhlükənin olmadığı açıqlanıb. Hazırda onların müalicəsi davam etdirilir.

İlkin ehtimala görə, turistlər hotelin restoranında yedikləri toyuq ətindən zəhərləniblər. Faktla bağlı polis tərəfindən araşdırma başladılıb.

Qeyd edək ki, bənzər hadisə iyulun ortalarında Türkiyənin qərbindəki Kuşadası kurortunda yerləşən beşulduzlu otellərin birində də yaşanıb. Həmin vaxt “all inclusive” (hər şey daxil) sistemi ilə təqdim olunan yeməklərdən zəhərlənən, aralarında xarici vətəndaşların da olduğu 30-a yaxın turist xəstəxanaya yerləşdirilmişdi.