Yaxın Şərqdə hərbi gərginliyin idarə olunması və münaqişənin sonu ilə bağlı ABŞ və İsrail rəhbərliyi arasında ciddi fikir ayrılıqları yaranıb. ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan sonuncu gərgin telefon danışığı tərəflərin strateji baxışlarındakı dərin uçurumu nümayiş etdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, ABŞ Prezidenti kəskin formada İsrail Baş nazirindən Livanın paytaxtı Beyruta qarşı planlaşdırılan kütləvi hava zərbələrindən imtina etməyi tələb edib. Trampın bu addımı rəsmi Vaşinqtonun İranla hazırladığı nüvə sazişini uğursuzluqdan qorumaq məqsədi daşıyıb. Bu insident İsrail daxilində böyük siyasi fırtınaya səbəb olub; Netanyahunun həm müxalif rəqibləri, həm də koalisiyadakı radikal müttəfiqləri onu ölkənin suverenliyini itirməkdə və İsraili Amerikanın "vassalı"na çevirməkdə ittiham ediblər.
Daxili siyasətdə sərt tənqidlərlə üzləşən və oktyabrda keçiriləcək seçkilərə hazırlaşan Netanyahu üçün bu qarşıdurma olduqca təhlükəli xarakter daşıyır.
"Hizbullah"ın davam edən raket atəşləri və HƏMAS-ı tamamilə məhv etmək barədə verilən vədlərin yerinə yetirilməməsi fonunda İsrail lideri çətin vəziyyətdə qalıb. O, daha sərt hərbi cavab tələb edən daxili elektoratın təzyiqi ilə Vaşinqtonun birbaşa qadağaları arasında balans yaratmağa məcburdur.
Hər iki tərəf ictimaiyyət qarşısında gərginliyi yumşaltmağa çalışsa da, İsrail rəhbərliyi Ağ Evin ordunun (SAXAL) hərbi hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırmağa davam edəcəyindən ciddi narahatdır. Bununla belə, seçkilərə cəmi dörd ay qalmış Netanyahunun Trampla açıq münaqişəyə girməyə siyasi gücü çatmır.
Sara,
NOCOMMENT.az










