Uşakov: Ukrayna və Avropanın sülh planına dəyişiklikləri danışıqları irəli aparmır

Uşakov: Ukrayna və Avropanın sülh planına dəyişiklikləri danışıqları irəli aparmır

“Ukrayna və Avropa ölkələri tərəfindən sülh planına edilən dəyişikliklər tərəflər arasında razılaşmanın əldə olunmasını yaxınlaşdırmır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, təqdim olunan korrektələr mövqelərin yaxınlaşmasına deyil, əksinə, danışıqlar prosesinin daha da mürəkkəbləşməsinə səbəb olur.

Uşakov eyni zamanda qeyd edib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev hazırda ABŞ-da, Mayami şəhərində amerikalı tərəfdaşlarla danışıqlar aparır və səfər başa çatdıqdan sonra əldə olunan nəticələr barədə dövlət başçısına məruzə edəcək. O, həmçinin vurğulayıb ki, Rusiya, ABŞ və Ukrayna arasında ekspertlər səviyyəsində mümkün üçtərəfli görüşün təşəbbüsü ilə bağlı indiyədək ciddi və substantiv müzakirələr aparılmayıb.

Uşakovun açıqlamaları Ukrayna münaqişəsi ətrafında diplomatik fəallığın artdığı, lakin tərəflər arasında mövqelərin hələ də kəskin şəkildə fərqləndiyi bir mərhələdə səsləndirilib.