ABŞ-ın Nyu-York ştatında məktəb ekskursiyası zamanı 71 şagirdin yeraltı tunellərdə azması böyük narahatlıq yaradıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə əsasən pravoslav yəhudilərin yaşadığı Monsey şəhərindəki Toras Emachu yəhudi məktəbinin şagirdlərinin Hudson çayı üzərində yerləşən Nyack şəhərindəki Memorial Parka səfəri zamanı baş verib.
Məlumata görə, çay yatağı boyunca hərəkət edən şagirdlər ərazidə yağış sularının axıdılması üçün nəzərdə tutulmuş iri drenaj tunelinə daxil olublar. Daha sonra onlar kanalizasiya sisteminə bağlı yeraltı tunellərdə istiqaməti itirərək azıblar.
Qızların bir qrupu Memorial Park yaxınlığında kanalizasiya quyusundan çıxarkən patrul xidməti aparan polis əməkdaşı tərəfindən görülüb. Bundan sonra əraziyə polis və xilasedici qüvvələr cəlb olunub.

ABŞ mediasının məlumatına görə, şagirdlər yeraltı tunellərdə təxminən 800 metr hərəkət etdikdən sonra çıxış yolu taparaq öz gücləri ilə yer səthinə çıxa biliblər. Onların əksəriyyəti "Main Street" və "Franklin Street" küçələrinin kəsişməsində aşkarlanıb.
Polis bütün şagirdlərin təhlükəsiz şəkildə tapıldığını açıqlayıb.
Hadisə nəticəsində iki şagird yüngül xəsarət alıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, digəri isə qarın nahiyəsində ağrı şikayəti ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.












